Balaxanı poliqonu ərazisində ağacəkmə aksiyası keçirilib
03 Dekabr 2011 Şənbə 18:29
İqtisadi İnkişaf Nazirliyi və “Təmiz Şəhər” ASC-nin əməkdaşları 1000-ə yaxın yeni ağac əkiblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin iyulunda fəaliyyətə başlamış İDEA Ətraf Mühit Kampaniyasına qoşularaq İqtisadi İnkişaf Nazirliyi və “Təmiz Şəhər” ASC Balaxanı poliqonu ərazisində ağacəkmə aksiyası keçirib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təsisçisi Leyla Əliyeva olan Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün - İDEA-nın məqsədi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir. Təşəbbüsün əsas prioritetlərindən biri də Bakı ətrafındakı ərazilərdə ağaclar əkməkdir.
Bu gün keçirilmiş yaşıllaşdırma tədbirində Balaxanı poliqonunda ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyi və “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən 1000-ə yaxın yeni ağac əkilib.
Qeyd edək ki, Balaxanı poliqonu ərazisində ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq yaşıllaşdırma tədbirləri keçirilir. 2010-cu ildən başlayaraq mütəmadi olaraq bu tədbirlər çərçivəsində poliqon ərazisində ildə iki dəfə - yaz və payız aylarında yaşıllaşdırma işləri aparılır. Bu günə kimi Balaxanı poliqonu ərazisində 3000-dən çox ağac və bəzək kolları əkilib.
Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: