Bakıya sel gəldi
01 Oktyabr 2011 Şənbə 10:28
Babək və Heydər Əliyev prospektlərinə avtomobillərin hərəkəti dayanıb.
Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıya yağan güclü yağış yollarda nəqliyyatın hərəkətinin iflic olması ilə nəticələnib. ANS PRESS-in məlumatına görə, şəhərin mərkəzi yollarında sel axır. Ümumiyyətlə, şəhərin mərkəzinə düşmək çətinləşib. Belə ki, Xətai rayonu Nobel prospektində bəzi yerlərdə su dizə qədər çıxsa da, hələ ki, nəqliyyatın hərəkəti mümkündür. Amma Babək prospektindəki əməkdaşmızın verdiyi məlumata görə, prospektdə nəqliyyatın hərəkəti iflic olub, yollar demək olar ki, bağlanıb.
ANS PRESS-in qaynar xəttinə gələn məlumatlarda isə bildirilir: "Babək prospektini, Heydər Əliyev prospektini, Dərnəgül yolunu, Mirzəağa Əliyev küçəsini, Zərifə Əliyeva adına Göz İnstitunun qarşısını, Sabunçu bazarını, Xalçaçılıq muzeyinin yaxınlığındakı yolları su basıb. Maşınlar suda batıb qalıb, hərəkət çətinləşir".
Qeyd edək ki, Bakıda güclü yağışlar sabah günortaya gədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə. oktyabrın 2-də gündüz saatlarından sonra hava mülayimləşəcək.
Məlumata görə, Bakıda və Abşeron yarımadasına düşən yağış gündəlik iqlim normasından nisbətən çoxdur.
Fotolar "Sahil" metrostansiyasının və Muzey Mərkəzinin yaxınlığında çəkilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: