Bakıda yol polisinin qadınlara hazırladığı sürpriz məlum oldu
08 Mart 2012 Cümə Axşamı 11:23
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları bayram aksiyası keçirir.
8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə yol polisi Bakıda qadın sürücülərə sürpriz edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Azneft dairəsi yaxınlığında dayanaraq nümunəvi qadın sürücüləri müəyyənləşdirərək onlara hədiyyələr veriblər.
Aksiyanı müşahidə edən ANS PRESS əməkdaşının verdiyi məlumata görə, yol polisi aksiya çərçivəsində ilk olaraq Gülgəz Məmmədova adlı qadın sürücünü saxlayıb. Ancaq qadın nümunəvi sürücü seçilmək üçün lazım olan şərtlərə belə demək mümkünsə cavab verməyib. Belə ki, Gülgəz xanım sükan arxasında təhlükəsizlik kəmərini taxmadan, üstəlik avtomaşında sığorta şəhadətnaməsi olmadan əyləşdiyi üçün yol polisi qadını nümunəvi sürücü hesab etməyib. Ancaq bu amillər yol polisinin qadını 8 mart qadınlar bayramı münasibətilə təbrik etmələrinə mane olmayıb. Xanım sürücüyə gül dəstəsi təqdim edilərək tövsiyə xarakterli sözlər söylənib.
Aksiyanın ilk nümunəvi sürücüsü isə Afət Asayeva adlı qadın sürücü olub. Zərif cinsin nümayəndəsi sükan arxasında təhlükəsizlik kəməri taxaraq əyləşməklə yanaşı, avtomobilini bütün texniki sənədlərlə birgə idarə edirdi. Üstəlik, qadının idarə etdiyi avtomobil təmizliyi ilə seçilirdi. Bütün bu amillər Afət Asayevanın nümunəvi sürücü seçilməsi üçün kifayət edib. Gülgəz xanım Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən gül dəstəsi, ətir, Bakıda yerləşən restoranlardan birində iki nəfərlik şam yeməyinə kupon və avtomobilə pulsuz texniki xidmət göstərilməsi üçün kupon da əldə edib.
Nümənəvi sürücü seçilən qadınlardan biri də Dilarə Abbasova olub. Yol polisi Dilarə Abbasovaya da hədiyyələr təqdim edərək 8 Mart münasibət ilə təbrik edib.
Aksiya maraqlı hadisəsiz də ötüşməyib. Belə ki, Yelena Komaşkova adlı sürücü radioda yol polisinin aksiyası haqqında eşidərək bir neçə rəfiqəsini də avtomobilinə əyləşdirərək, Azneft dairəsinə gəlib. Sürücü avtomobilini aksiyanın keçirildiyi yerdə saxlayıb. Ancaq Yelena Komaşkovanın rəfiqələri ilə birlikdə yol polisindən hədiyyə almaq cəhdi bir nəticə verməyib. Yol polisi əməkdaşları avtomobildə olan qadınlara gül dəstəsi hədiyyə etməklə kifayətlənib.
Aksiya günorta saatlarınadək davam edəcək.
DOSTLARINLA PAYLAŞ: