Bakıda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası keçirilir
02 Aprel 2009 Cümə Axşamı 13:10
Bu gün Bakıda Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin iclası işə başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan və Türkm
İclasda çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov tədbir iştirakçılarına son illər ölkənin nəqliyyat sektorunda həyata keçirilən layihələr barədə məlumat verib. Azərbaycanın TRACECA və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etdiyini deyən Z.Məmmədov son illər ölkədə bir sıra infrastruktur layihələsinin reallaşdırıldığını diqqətə çatdırıb.

«Azərbaycanda bu il regionda analoqu olmayan avtovağzal kompleksi istifadəyə verilib. Hazırda yeni dəniz limanının tikintisi, Bakı və Abşeron yarımadasını əhatə edəcək Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin yaradılması istiqamətində işlər görülür», - deyə nəqliyyat naziri vurğulayıb.

Z.Məmmədov Bakı-Rusiya, Bakı-Gürcüstan və Bakı-İran sərhədi avtomobil yollarının, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması layihələri üzərində də işlərin aparıldığını qeyd edib.

«Yanvar ayından dövlət sərhədlərində «bir pəncərə» sisteminin tətbiqinə başlanıb və bu, nəqliyyat vasitələrinin keçidini asanlaşdırıb. Azərbaycan tranzit imkanlarının artırılması baxımından bu cür tədbirləri davam etdirəcək», - deyə nazir əlavə edib.

Z.Məmmədov Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində nəqliyyat infrastrukturunun tamamilə dağıdıldığını və Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu əlaqəsinin kəsildiyini da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Öz növbəsində Rusiyanın nəqliyyat naziri İqor Levitin qeyd edib ki, Xəzər akvatoriyası dövlətlərinin nəqliyyat sektorunda əlaqələrinin dərinləşdirilməsinə ehtiyac var. Rusiyanın Xəzər hövzəsində Beynəlxalq Monitorinq Sisteminin yaradılması təklifi ilə çıxış etdiyini deyən İ.Levitin digər dövlətlərin də bu layihənin reallaşdırılmasında iştirakını məqsədəuyğun sayır.

«Ötən ilin fevral ayında imzalanmış protokola əsasən, Rusiya daxili sularından Xəzərətrafı dövlətlərin gəmilərinin keçid prosedurasını sadələşdirib. Biz həmçinin Samur çayı üzərində Azərbaycanla birlikdə yeni avtomobil körpüsünün tikintisini dəstəkləyirik», - deyə İ.Levitin qeyd edib.

Qeyd edək ki, iclasda Xəzəryanı dövlətlər arasında multimodal daşımaçılığın inkişafı, tranzit imkanlarının artırılması, «Şərq-Qərb» və «Şimal-Cənub» nəqliyyat dəhlizləri və digər sahələrdə əməkdaşlıq müzakirə olunacaq. Aprelin 3-də yekunlaşacaq tədbirin sonunda birgə kommünike imzalanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar