Bakıda toxumçuluq mövzusunda simpozium keçirilib
05 Sentyabr 2011 Bazar Ertəsi 19:32
Bakıda toxumçuluq mövzusunda simpozium keçirilib. Tədbirdə Türkiyə və Azərbaycan şirkətlərinin nümayəndələri iştirak edib.
Bu gün Türkiyə və Azərbaycan nümayəndələrinin iştirakı ilə toxumçuluq mövzusunda simpozium keçirilib. Türkiyə Toxum Sənayesi və İstehsalçıları Birliyindən (TSÜAB) ANS PRESS-ə verilən məlumata görə, TSÜAB nümayəndələri, eləcə də dənli bitkilər (buğda, arpa, yulaf və s.), sənaye bitkiləri (günəbaxan, qarğıdalı, pambıq və s.) toxumu və digər toxum istehsalı sahəsində fəaliyyət göstərən 41 şirkətin təmsilçiləri ölkəmizdə keçirilən tədbirdə müasir kənd təsərrüfatında mühüm sahə olan toxumçuluqla bağlı qarşılıqlı əlaqələrin qurulması müzakirə olunub.

TSÜAB-ın rəhbəri İlhami Özcan Aygün bildirib ki, hazırda Türkiyədə 550 toxumçuluq şirkəti fəaliyyət göstərir, ölkədən xaricə toxum ixracı isə 100 milyon dollar təşkil edir. Qarşıdakı illərdə bu rəqəmin 500 milyon dollara qaldırılması nəzərdə tutulub.

Türkiyə Kənd Təsərrüfatı Nazirliyi əkinçilik şöbəsinin rəhbəri Mətin Kayçıoğlu isə bildirib ki, yaxın 100 ildə dünyada ərzaq təhlükəsizliyi ilə bağlı situasiya toxumçuluq sənayesinin vəziyyətindən asılı olacaq.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev səfər zamanı qurulacaq əlaqələrin ölkədə toxumçuluq sisteminin yaradılmasına böyük dəstək olacağını vurğulayıb. Tədbirin nəticəsinin Azərbaycanın kənd təsərrüfatında inqilabi dəyişikliklərə və inkişafa səbəb olacağını bildirib. Hazırda Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə böyük önəm verildiyini, bununla bağlı ciddi qərarların qəbul edildiyini bildirən nazir müavininin sözlərinə görə, toxumçuluğun inkişafına böyük diqqət yetirilir.

Qeyd edək ki, Azərbaycanda toxumçuluğun daha da inkişaf etdirilməsi üçün bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, simpoziumda iki qardaş ölkə arasında bu sahə ilə bağlı sənədlərin imzalanmasının vacibliyi də söylənilib. Daha sonra tədbir ikitərəfli görüşlərlə davam etdirilib. Səfər zamanı tərəflər arasında əməkdaşlıq haqqında protokolun imzalanması da gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar