Bakıda şəhər telefonlarının dəqiqə hesabı tarifi müəyyənləşdirilib
11 Dekabr 2011 Bazar 12:32
Danışıqların yuxarı limitinin hər əlavə dəqiqəsi 0,01 manata başa gələcək.
Ümumi istifadədə olan telefon şəbəkəsinin vaxt hesabı ödəniş sistemində danışıqların yuxarı limitinin hər əlavə dəqiqəsi 0,01 manata başa gələcək. Bu barədə Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (İB) baş direktoru Beytulla Hüseynov deyib.
Hüseynovun sözlərinə görə, İB-nin baxılmaq üçün Tarif Şurasına təqdim etdiyi vaxt hesabı ödəniş sistemi iki variantı nəzərdə tutur. Birinci paket iki manat həcmindəki mövcud aylıq abunə ödənişinin saxlanmasını nəzərdə tutur ki, bura 450 dəqiqə limiti daxil ediləcək. Danışıqların əlavə dəqiqələrinin qiyməti 0,01 manata başa gələcək.
Beş manat dəyərində olan ikinci paket telefon rabitəsindən limitsiz istifadəni nəzərdə tutur. Bununla yanaşı, abunəçilərə əlavə üstünlüklər təqdim ediləcək. Bunlar genişzolaqlı ineternetə avtomatik qoşulma, multimedia xidmətləri və s.-dən pulsuz istifadədir.
"Bizim hesablamalarımıza görə, hazırda abunəçilərin 80 faizindən çoxunun danışıqları ayda 450 dəqiqəni ötmür. Hazırda vaxt hesabı ödəniş sistemi CDMA simsiz şəbəkəsində tətbiq edilir. Stasionar rabitədə vaxt hesabı ödəniş sisteminin tətbiqi rabitədə tariflərin artırılması məqsədini daşımır. Orada abunəçilər üçün bir sıra üstünlüklər və güzəştlər nəzərdə tutulub. Məsələn, ikinci paketdə beynəlxalq zənglərə olan borclara görə abunəçinin telefon xətti bağlanmayacaq" , - Hüseynov bildirib.
Bu və ya digər paketin seçimi abunəçidən asılı olacaq.
Əvvəllər İB-dən Trend-ə verilən məlumata əsasən, vaxt hesabı ilə ödəniş sisteminin tətbiqi gələn ilin əvvəlində gözlənilir və bu gün operatorun infrastrukturu ümumilikdə bu xidmətlərin tətbiqinə hazırdır. Bununla belə, İB-dən bildiriblər ki, hələlik əsasən billinq sistemi ilə bağlı texniki məsələlər həll edilməyib.
DOSTLARINLA PAYLAŞ: