Bakıda növbəti yer sürüşməsi baş verib
15 Mart 2012 Cümə Axşamı 06:35
Hadisənin baş verdiyi binanın sakinləri sürüşmənin ərazidən keçən su xətlərindəki nasazlıq səbəbilə baş verdiyini bildirdilər.
Ötən gecə Səbail rayonu Əlibəyov qardaşları küçəsi 10 saylı binanın qarşısında sürüşmə qeydə alınıb. Hadisə zamanı binaya ziyan dəyməsə də, yaşayış evinin həyətində olan bir neçə tikili sürüşmənin qurbanı olub. Qeyd edək ki, sürüşmədən ilk xəbər tutan şəxs binanın nasosxanasında gözətçi işləyən Vaqif Əsgərov olub. “Nasosu vurdum. Gəldim çörək yeyəm. Xışıltı gəldi. Mən çölə çıxan kimi sürüşdü bura” – deyə bina sakini Vaqif Əsgərov bildirib.

Sürüşmə nəticəsində çökən torpaq Əlibəyov küçəsində avtomobil yolunun da bağlanmasına səbəb olub. Bina sakinlərinin sözlərinə görə sözügedən ərazidə bir neçə il də bundan əvvəl bu gür hadisə qeydə alınıb.

Əlibəyov qardaşları 10 saylı binanın sakinləri sürüşmənin həmin ərazidən keçən su xətlərində olan nasazlıq səbəbindən baş verdiyini bildirdilər. Sakinlər müsahibə zamanı sürüşən ərazidən keçən su xəttində uzun illərdir ki, nasazlıq olduğunu və həmin xətlərdən sızan suyun da sonda sürüşməyə səbəb olduğunu deyiblər.

Digər bina sakini Mikayil Səmədov 20 ildi su axdığını, sürüşən torpağın isə sonradan tökülən və preslənməyən torpaq olduğunu qeyd edib.

ANS əməkdaşları ərazidə çəkiliş apardığı müddətdə sürüşmə zonasına Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da cəlb edilib. Nazirlik əməkdaşlarının verdiyi məlumata görə, sürüşən ərazidə hansı tədbirlərin görüləcəyinə, həmin ünvana mütəxəssislərin baxışı keçiriləndən sonra qərar verilcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar