Bakıda möhtəşəm motoyürüş təşkil olundu
12 Aprel 2012 Cümə Axşamı 22:22
“Harley-Davidson-Azerbaijan” paytaxt sakinlərinə əsl şou təqdim edib
Bu gün Bakıda əsl şou baş tutdu. Paytaxt əhli hələ belə şou görməmişdi. Məsələ burasındadır ki, bu gün “Harley-Davidson-Azerbaijan”ın ölkəmizdəki rəsmi nümayəndəsi olan “Azman Co” MMC-nin təşkilatçılığı ilə Bakıda motogəzinti təşkil olundu. Daha doğrusu, adıçəkilən şirkət yerli və xaricdən ölkəmizə qonaq gəlmiş motosiklsevərləri paytaxtımıza toplayaraq, onlara Bakının gəzməli, görməli yerləri göstərdi.
“Harley-Davidson-Azerbaijan”ın ölkəmizdəki rəsmi nümayəndəsi olan “Azman Co” MMC-nin baş direktoru Rüfət Məsimovun sözlərinə görə, belə motogəzintilərin təşkilində məqsəd “Harley-Davidson” sahiblərini Bakıda bir araya toplamaqdır. “Bundan başqa, məqsədimiz insanlarda motoidmana və ümumlikdə motosikla həvəsi artırmaqdır. Necə deyərlər, əsl real həyat tərzini paytaxt sakinlərinə nümayiş etdirməkdir”.
Motoyürüş “Harley-Davidson-Azerbaijan”ın ölkəmizdəki rəsmi nümayəndəsi olan “Azman Co” MMC-nin qarşısından başladı. Motoyürüşə motosiklsevərlərlə birgə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də qatıldı. Paytaxtın mərkəzi küçələrində yürüş edən motosikllər paytaxt sakinlərinin diqqətini cəlb edirdi.
Təxminən 2 saata yaxın davam edən və adrenalinlə, macəra ilə dolu motoyürüş “Crescent Beach Hotel”in yanında yekunlaşdı.
Rusiyadan qonaq gəlmiş “Harley-Davidson” həvəskarı Olqa Serova bu motoyürüşdən sonra öz təəssüratlarını ANS PRESS-lə bölüşərkən bildirdi ki, bu yürüşün keçirilməsinə digər məqsəd Bakıda motosezonun açılışını etməkdir. Onun sözlərinə görə, ilk dəfə Bakıda olmasına baxmayaraq, Bakı haqqında olduqca yüksək əhval-rühiyyə və fikirlərlə ayrılacaq: “Mənim Bakıda ən xoşuma gələn o oldu ki, sizin avtomobil sürücüləriniz yolda bir motosikletçi görərkən, ona yol verirlər. Bu isə insan üçün olduqca xoşdur”.
Digər rusiyalı qonaq Denis Yestaxeviç də təəssüratlarını gizlətmədi. O da ANS PRESS-in müxbiri ilə keçirdiyi hissləri və təəssüratları bölüşdü. Motosiklsevər ilk növbədə bütün bakılılara və paytaxt sakinlərinə isti qəbula görə öz minnətdarlağını bildirmək istədi: “Burada olmağıma çox şadam. Bakıdakı “Harley-Davidson”un dilerliyini çox bəyəndim. Onlar bizi yüksək səviyyədə qəbul etdi. Buna görə də biz Bakıya dəfələrlə gələcəyik”.
Maraqlı və cəlbedici motoyürüşdən sonra qonaqlar başda olmaqla, bütün motosevərlər şam yeməyinə toplaşdılar. Çünki bu toplantıda maraqlı həvəskar söhbətləri ilə bərabər, “Harley-Davidson-Azerbaijan ”un gələcək planları müzakirə olunacaqdı.
DOSTLARINLA PAYLAŞ: