Bakıda Jumeirah Bilgah Beach Hotel açıldı
28 Dekabr 2011 Çərşənbə 14:46
Prezident İham Əliyev Jumeirah Bilgah Beach Hotel kompleksinin açılışında iştirak edib.
Bu gün Bakının Xəzər rayonunun Bilgəh qəsəbəsində “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılış mərasimində iştirak ediblər. Azərbaycanın birinci Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya gül dəstələri təqdim edilib. Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi “Jumeirah Group”un MDB məkanında ilk otelidir. Beynəlxalq səviyyəli nadir memarlıq incilərindən olan bu otelin Bakıda tikilməsi ölkəmizdə turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricidir.
“Azinko Holdinq” şirkəti tərəfindən tikilən otel 12 hektar ərazini əhatə edir. Burada inşa edilmiş tikililərin ümumi sahəsi 73,6 min kvadratmetrdir. Otel binasının sahəsi isə 54 min kvadratmetrdir.
Qeyd edilib ki, 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 avtomobil yerlik qarajlar da var.
Otelin dəniz çimərlik hissəsində eyni vaxtda 600 qonağın istirahəti üçün hər cür şərait yaradılıb. Kompleksin dənizkənarı sahilə çıxışında 250 nəfərlik “Promenad Lounge”, dənizin içərisində, estakada üzərində isə 400 nəfərlik “Pier Grill” restoranları turistlərə yüksək xidmət göstərəcək. Ümumilikdə oteldə 9 restoran, bar və gecə klubu var.
Otel kompleksindəki Talise SPA və Sağlamlıq Mərkəzi də müasirliyi ilə diqqət çəkir. Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da var.
Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb. Sonra “Jumeirah Group”un icraçı sədri Cerald Loules çıxış edib.
Dövlətimizin başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirib.
DOSTLARINLA PAYLAŞ: