Bakıda evsizlər üçün çadırlar qurulub
11 Fevral 2012 Şənbə 23:01
Səyyar sığınacaqların fəaliyyət müddəti şaxtalı havalar mülayimləşənə qədər davam edəcək.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi havaların şaxtalı keçməsi ilə əlaqədar paytaxtın 5 rayonunda səyyar sığınacaqlar təşkil edib. Nazirlik rəsmilərinin təklifi ilə ilk olaraq Nərimanov rayonunda Şərq bazarının yaxınlığında Xətai prospekti 11 ünvanında çadır quruldu. Ağ çadırda şaxtanın qara günə qoyduğu küçə sakinləri üçün üzərinə nazik bir adyal salınmış yataqlar hazır idi. Az sonra stol-stullar düzüldü, çadırın nə niyyətlə qurulduğunu bildirmək üçün üzərinə sığınacaq adı da həkk olundu. İçərini isitmək üçün qızdırıcılar da yerləşdirildi.
“Təxminən hər çadır 15-20 nəfərlik nəzərdə tutulub. Polis və həkimlə təmin olunub. İşçi qrupumuz və nəqliyyatımız da var. Vətəndaşlarımızdan da xahiş olunur ki, əgər yaxınlığınızda elə adamlar varsa bizə müraciət etsinlər bura yerləşdirək” – deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elnur Kələntərov bildirib.
Səyyar sığınacaqların təşkili üçün nazirlikdə 142 saylı qaynar xətt fəaliyyətə başlayıb. Ümumiyətlə isə qurulan səyyar sığınacaqlar yaşayış yerinə getməkdə çətinlik çəkənlər, müvəqqəti Bakıya gəlmiş və rayona qayıtmpaqda çətinlik çəkənlər, açıq havada səyyar işlə məşğul olanlar, faktiki yaşyış yeri uzaqda olanlar və səfil həyatı sürən insalar üçün nəzərdə tutulub. Buraya gələn hər bir qonaq 24 saat ərzində isti çay, 3 dəfə yemək və yataqla təmin olunacaq.
Sğınacaqların yeri seçilərkən insan izdihamı olan ərazilər nəzərə alınıb. Sığınacaqların hamısı əsasən bazar yaxınlığında yerləşir. Belə ki, sığınacaqlardan biri Nərimanov rayonunda Şərq bazarının yaxınlığında Xətai prospekti 11 ünvanında yerləşir. Digər məntəqələr isə Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 69 ünvanında, Nəsimi bazarının yaxınlığında, Xətai rayonu Sarayev küçəsi 20, Bakı kinoteatrının yaxınlığında, Xəzər rayonunda Almas İldırım küçəsi 18 ünvanında, Xəzər bazarının yaxınlığında, Nizami rayonunda isə Qara Qarayev küçəsi 118, Xalqlar Dostluğu stansiyanın yaxınlığında quraşdırılıb.
Səyyar sığınacaqların fəaliyyət müddəti isə şaxtalı havalar mülayimləşənə qədər davam edəcək. İndi qalır səfil həyatı keçirənləri bura toplamaq. Xatırladaq ki,son bir neçə gündə küçədə səfil həyatı keçirən 5 nəfər donvurmadan dünyasını dəyişib, daha bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.
DOSTLARINLA PAYLAŞ: