Bakıda daha bir kazino – çayxana aşkarlanıb
06 Mart 2012 Çərşənbə Axşamı 07:01
Məkanın sahibi kazino oyunlarının qanunla qadağan edilməsindən xəbəri olmadığını deyib.
Bakının Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi ərazisində kazino aşkarlanıb. İdarəyə daxil olan məlumatla məkana baxış keçirən polis əməkdaşları rus kazinosunun təşkil edildiyi obyektin çayxana adıyla fəaliyyət göstərdiyini müəyyənləşdirib. Binəqədi RPİ-nin əməkdaşı Kənan Abışov obyekdtən 7 kompüter götürüldüyünü deyib. “Məlumatı yoxlamaq üçün Binəqədi RPİ-nin əməkdaşları həmin adsız kafeyə baxış keçirib və oradan 7 kompüter götürülüb. Həmin kazinonu təşkil edən Süleymanov Mübariz Bədii oğlu saxlanılaraq istintaqa təhvil verilib”.

Mübariz Süleymanovun ilkin ifadəsinə görə, bu işdə ara-sıra ona oğlu da kömək edirmiş. Qeyd edək ki, bayırdan çayxananın üzərində heç bir yazı yoxdur. Kazino isə çayxananın nisbətən arxa otağında gizli şəkildə təşkil olunub. Süleymanovun sözlərinə görə, yenicə açıldığından qumar sayılan bu oyun növünə hələlik azyaşlılar maraq göstərirmiş. Saxlanılan Mübariz Süleymanov isə kazino oyunlarının qanunvericiliklə qadağan edildiyindən xəbərsiz olduğunu iddia edib.

Bayırdan obyektin üstündə niyə yazı yazılmaması barədə verilən suala isə Süleymanov bunun vacib olmadığını deyərək cavab verib.

Qeyd edək ki, Mübariz Süleymanov barəsində artıq cinayət işi başlanılıb. Araşdırmalar aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar