Bakıda 100 yeraltı dayanacaq tikiləcək
04 Noyabr 2011 Cümə 01:23
Gələn il paytaxtda 10-15 dayanacağın tikintisinə başlanması üçün hazırlıq görüləcək.
Azərbaycan Nəqliyyat Nazirliyinin apardığı araşdırmalara əsasən müəyyən edilib ki, Bakıda təqribən 100 yeraltı avtomobil dayanacağının tikilməsinə tələbat var. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Nazirliyin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov deyib.

“Hazırda Bakıda 4 yeraltı dayanacaq tikilir, xüsusilə, onlardan biri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Hökumət Evinin qarşısında tikilir”, - Sədrəddin Məmmədov bildirib. Onun sözlərinə görə, gələn il daha 10-15 yeraltı dayanacağın tikintisinə başlamaq üçün işlər aparılacaq.

“Dayanacaqların tikintisi paytaxt yollarında gərginliyi azaltmaq və yol kənarında, xüsusilə, qadağan edilmiş yerlərdə avtomobil saxlamağın qarşısını almaq üçün lazımdır”, - nazirliyin nümayəndəsi deyib.

Əvvəl məlumat verilib ki, iri dayanacaq sahələri şəhərin bütün girişlərində - “Məşədi Əzizbəyov” metrostansiyasının yaxınlığında, Bakı Avtovağzalında, “Azneft” meydanında, şəhərə Zığ tərəfdən girişdə, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında açılacaq.

Yerüstü və yeraltı avtomobil dayanacaqlarının tikintisi 2011-ci ildən başlanıb. Onların dəyəri isə layihələşdirmədən asılı olaraq müəyyən ediləcək.

Dayanacaqların tikintisi layihəsi müxtəlif maliyyə mənbələri - dövlət büdcəsi, beynəlxalq maliyyə təşkilatları (Dünya Bankı, Asiya İnkişaf Bankı) və özəl sektor hesabına həyata keçirilə bilər.

Hazırda Bakı şəhərində nəqliyyatın inkişafı üçün investisiya proqramı hazırlanır. Proqramın maliyyələşdirilməsi üçün Asiya İnkişaf Bankı 300 milyon dollar ayırmağı planlaşdırır. Bank bu kreditin ilk tranşını 2013-cü ildə ayırmağa hazırdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar