Bakı və Sumqayıta verilən su dünya standartlarına çatdırılacaq
08 Sentyabr 2011 Cümə Axşamı 18:46
İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində iştirak edib.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə ərazi ilə yaxından tanış olub. Dövlət başçısına yeni tikiləcək qurğunun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, Bakı və Sumqayıt şəhərlərinə verilən suyun keyfiyyət göstəricilərinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə tikiləcək qurğunun məhsuldarlığı saniyədə 6 kubmetr olacaq. Burada emal olunacaq su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək. Yeni qurğuda Niderland Krallığının istehsalı olan müasir avadanlıqdan istifadə olunacaq.
Qeyd edilib ki, 12-15 ay müddətində inşa ediləcək və məhdud işçi heyətlə tam avtomatik rejimdə idarə olunacaq yeni qurğu elektrik enerjisinə qənaət etməyə imkan verəcək. İstehlakçılara öz axımı ilə çatdırılması üçün yeni qurğuda emal olunacaq su dəniz səviyyəsindən 190 metr hündürlükdə yerləşən anbara ötürüləcək və buradan Abşeronun bütün ərazilərinə paylanacaq.
Məlumat verilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” na əsasən qurğunun inşası ilə yanaşı, burada təmizlənəcək suyu istehlakçılara çatdırmaq üçün yeni magistral kəmərlər, paylayıcı şəbəkə və anbarların tikilməsi nəzərdə tutulur. Dövlət Proqramına uyğun olaraq, Masazır, Binəqədi, Balaxanı, Ramana və Dübəndi qəsəbələrində yeni su anbarları kompleksinin inşası planlaşdırılır. Bu anbarlardan istifadə etməklə Bakıətrafı qəsəbə və kəndlərin su təchizatını əsasən özüaxımlı rejimdə təmin etmək mümkün olacaq.
Azərbaycan prezidenti Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatının perspektiv planına da baxıb. Sonra dövlət başçısı metal gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunu işə salıb.
Prezident İlham Əliyev “Azərsu” ASC-nin kollektivinin nümayəndələri və inşaatçılarla görüşüb.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: