Bakı-Quba-Rusiya yolunda alternativ yol çəkilişi başlayıb
19 Aprel 2012 Cümə Axşamı 11:29
İşlərə 30 ağır texnika və 50 canlı qüvvə cəlb edilib
Bu gün Bakı-Quba Rusiya Federasiyası yolunun 157-ci km-də, Quba rayonun Nügədi Qazmalar kəndi ərazisində uçan Qaraçay körpüsünün bərpasına qədər alternativ yolun çəkilişlərinə başlanılıb. Yolun çəkilişlərini “Körpü-Bina-Tikinti” MMC həyata keçirir. Şirkətin sədri Xəlil Göyüşovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, işlərə 30 ağır texnika və 50 canlı qüvvə cəlb edilib. Yolun bu gün axşam saatlarında hazır olacağı gözlənilir. Yeni yol istismara verilməmişdən əvvəl “Körpü-Bina-Tikinti” MMC-nin avtomobilləri yoxlama məqsədilə hərəkət edəcək. Alternativ yolun çəkilməsilə paralel uçan körpünün detalları da söküləcək.

Qaraçay körpüsünün uçması ilə əlaqədar ərazidən keçən qaz xətləri də dağılıb. Bununla da Qubanın 5 kəndinə təbii qaz verilişi dayandırılıb. Quba Qaz İstismar İdarəsinin Qəza xidmətinin rəhbəri Atabala Əliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, müvəqqəti olaraq qax xətləri çəkiləcək. Lakin daimi qaz xətləri uçan körpünün bərpası zamanı çəkiləcək.

Xatırladaq ki, ötən gün uzunluğu 90 m olan beynəlxalq əhəmiyyətli Qaraçay körpüsünün 33 metri dağılıb. Nəticədə magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Aydəmir Manafovun sözlərinə görə, yağıntının çox olması və yaxınlıqda olan daş karxanalarının həmin körpünün uçan hissəsindən çınqıl və qum götürməsi nəticəsində onun bünövrəsi zəifləyib.

Hadisə baş verərkən “QAZel” markalı yük maşını çaya düşüb. “QAZel”in sürücüsü, Quba rayonu, İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Nüsrət oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar