Bakı Metropolitenindən sərnişinlərə surpriz
29 Noyabr 2011 Çərşənbə Axşamı 11:11
Stansiyalardakı terminallarda plastik kartlara 4 gedişdən artıq yükləmək olmur.
Bu gün Bakı Metropoliteninin sərnişinləri surprizlə qarşılaşıblar. ANS PRESS-in məlumatına görə, metro stansiyalardakı terminallarda plastik kartlara 4-dən artıq gediş yükləmək olmur. Bu addımı atmağa metorpoliten rəhbərliyi göstəriş verib. Belə ki, dekabrın 1-dən metroda gediş haqqının artacağı ilə bağlı məlumat sərnişinlərin metroya kütləvi axınına səbəb olub. Bu barədə Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib.

“Mən neyləməliyəm ki, hamı eşidib ki, gedişhaqqı artır tökülüblər metroya. Biri 500, biri 300 gediş yükləyir. Aparatlar da xidməti çatdıra bilmir. Ömründə metroya minməyən indi gediş yükləyir. Bir sərnişin 15 dəqiqə aparatın qabağında gözləyir. Mən bunu sərnişinlərin yaxşılığına görə etmişəm”, - deyə Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, aparatların qarşısında uzun növbələrin yaranmasının qarşısını almaq üçün bu addımı atıblar. Lakin karta artıq gediş yüklənməməsilə əlaqədar metronun bütün stansiyaların uzun növbələr yaranıb.

Metropoliteninin əməkdaşları isə bildiriblər ki, kartda qalan gediş haqları dekabrın 1-dən 20 qəpikdən hesablanmaqla karta yüklənəcək və indi gedişlərin kartda görünməməsindən vətəndaşlar narahat olmamalıdırlar.

Paytaxt sakinləri isə bu məslədən olduqca narazıdırlar. Bakı sakini 40 yaşlı Məmməd Əhmədov deyir ki, iş yoldaşları ilə metrodan rahat istifadə edə bilmir. “Biz 7 nəfərik. Həmişə işə birlikdə gedib-gəlirik. İndi məcburuq ki, oyun oynayaq. Karta gedişhaqqını 2 dəfə yükləyirik”.

Xatırladaq ki, dekabrın 1-dən Bakı Metropolitenində gediş haqqı 15 qəpikdən 20 qəpiyə qaldırılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar