“Eurovision 2012” mahnı müsabiqəsinə qədər Bakı bulvarı 7 kilometr olacaq.
Bakı dənizkənarı Milli Parkında (bulvar) həm qış mövsümünün, həm də Yeni ilin gəlişinə hazırlıq işləri gedir. Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, Yenil il qabağı bulvar ərazisində 8 yerdə yolka quraşdırılacaq. Yolkalar müxtəlif ölçülərdə olacaq. Ölçüsünə görə ən böyüyü Kukla Teatrının arxasında, keçmiş “Dinamo” İdman Cəmiyyətinin yerində tikilən böyük meydançada quraşdırılacaq.
Yolkaların yanında şaxta baba və qar qızları da olacaq. Şaxta baba və qar qızı xidməti göstərmək üçün dekabrın 15-dən Bulvar İdarəsinə müraciət etmək olar.
Nazim Məcidovun sözlərinə görə, ötən illərdən fərqli olaraq bu il şaxta baba və qar qız işə götürülərkən onların görkəmlərinə də diqqət yetiriləcək: “Şaxta baba hündür boy, qar qız isə incə olmalıdır. Ən əsas da onların intellektual səviyyəsi yaxşı olmalıdır. Şaxta baba və qar qızı nağıl bilməlidirlər, uşaqlarla rəftar etməyi bacarmalıdırlar. Onların sağlam olması da əsas məsələlərdən biridir. Müraciət edərkən şəxsiyyət vəsiqəsi və sağlamlıq haqqında arayış təqdim olunmalıdır”.
Bundan əlavə, bulvar ərazisində bir neçə yerdə şənliklər təşkil ediləcək. Onlardan ən möhtəşəmi yeni tikilən meydançada, hündür yolkanın yanında olacaq. Burada Yeni illə bağlı maraqlı filmlər nümayiş olunacaq, həm də bulvar haqqında məlumatlar veriləcək. Bundan əlavə, kukla geyimində olan insanlar vətəndaşları əyləndirəcək.
Nazim Məcidov onu da bildirdi ki, dekabrın əvvəllərindən təbii buz meydançasının quraşdırılmasına başlanılacaq. Əgər soyuqlar belə davam etsə, ötən ildən fərqli olaraq, bu il təbii buz meydançası dekabrın 15-dən istifadəyə verilə bilər. Təbii buz meydançası bir yerdə, Azneft meydanında, təxminən Venesiya su şəhərciyinin yanında olacaq.
Bulvar İdarəsinin rəsmisi onu da bildirdi ki, “Eurovision 2012” mahnı müsabiqəsinə qədər bulvar artıq 4 kilometr yox, 7 kilometr olacaq. Bakı İdman Sarayından Dövlət Bayraq Meydanına qədər olan ərazi artıq genişləndirilib və hazırda abadlıq işləri görülür. Bura təxminən mart ayından əhalinin ixtiyarına veriləcək. Eləcə də, “Sadko” kafesi adlanan ərazidə təmir-tikinti işləri artıq yekunlaşmaq üzrədir. Ərazinin mart ayından istifadəyə veriləcəyi gözlənilir.
Yeniliklərdən biri də, bulvarda velosiped sürənlər üçün xüsusi yolun ayrılmasıdır. Bu yolda xüsusi xətlər çəkiləcək. Bu xəttin rəngi də fərqli olacaq. Hələlik, bu xətlərin nə rəngdə olması dəqiqləşdirilməyib.
N.Məcidovun sözlərinə görə, görülən işlərdən biri də, bulvar ərazisində 6 yerdə piyada keçdilərin tikilməsidir.
Bulvar İdarəsinin rəsmisi görülən işlərdə müəyyən qüsurların da olduğunu bildirdi. Bulvar ərazisində təmir-bərpa işləri zamanı bəzi yerlərdə əlillərin hərəkəti nəzərə alınmayıb. Harada ki, əlillərin getməsi üçün şərait yaradılmayıbsa, bu işlərə bir də baxılacaq.
Apardığımız müşahidələr zamanı gördük ki, hazırda bulvar ərazisində valyutadəyişmə məntəqəsi yoxdur. N.Məcidov bu problemin də həll olunacağını bildirdi. ““Eurovision” ilə əlaqədar bu problem də həllini tapacaq. Bütün obyektlərdə pos-terminallar quraşdırılacaq. Xarici vətəndaş kart vasitəsilə müxtəlif valyutalarla pul çıxara biləcək. Bundan başqa, hər bir kafedə nağdsız ödəniş etmək üçün aparatlar qoyulacaq. Amma vulyutadəyişmə məntəqələrinin harada quraşdırılması hələlik məlum deyil.
N.Məcidov onu da bildirdi ki, bir neçə aydan sonra Dənizkənarı Bulvar İdarəsinin əlavə gəmiləri də xidmət göstərəcək. Hazırda isə bulvarda 4 gəmi - Xəzər Dəniz Gəmiçiliyinin 2 gəmisi, Bakı Beynəlxalq Dəniz Ticarəti İdarəsinin 2 gəmisi sərnişinlərə xidmət göstərir.
Bulvar ərazisində yeniliklərdən biri də təhlükəsizlik sisteminin təkmilləşdirilməsilə bağlıdır. Belə ki, təxminən 8 yerdə nəzarət kameraları quraşdırılıb. “Eurovision”la əlaqədar bu kameraların sayı artırılacaq.
Təhlükəsizliklə bağlı yeniliklərdən biri də Bulvar İdarəsinin xüsusi mühafizə xidməti işçilərinin təlimlərə başlamasıdır. Belə ki, 70-ə yaxın əməkdaşdan 30-u “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar ingilis dili kurslarına yazılıb. Onlar sadə danışıq dilini öyrənirlər.
Dənizkənarı Milli Parkda yeniliklərdən biri də xarici ağac növlərinin əkilməsidir. Əsasən İtaliya, İspaniya, Hollandiya, Argentina, Avstraliya və s. ölkələrdən gətirilən ağacların görünüşləri kimi adları da müxtəlifdir. “Avropa zeytunu”, “Baobab”, “Kanar palması”, “Maqnoliya”, “Hantorriya” və s. ağac növləri Bakının iqliminə uyğunlaşdırılaraq əkilir.
Bundan əlavə, bu yaxınlarda bulvarda 2 yeni çox maraqlı atraksion açılıb. Onlardan biri “Möcüzə dünyası” adlanır. Bu, 3 otaqdan ibarətdir. Birinci otaqda dolanbaca, yəni labirintə düşürsən, müəyyən çətinliklərlə oradan çıxandan sonra əyri otağa daxil olursan. Burada hər şey- su, ağır kürə, hətta insanın özü də aşağıdan yuxarı əyilir. Əyri otaqdan çıxandan sonra “Möcüzə körpüsü” adlanan yerdən keçirsən. Bu körpünün üstündən rahat keçmək olmur. Elə bilirsən ki, körpüdən yıxılacaqsan. Amma əslində körpü tərpənmir, sadəcə ətrafdakı rənglər fırlanır və adamda elə təəssürat yaranır ki, körpü tərpənir. Avropa istehsalı olan bu atraksion İtaliyadan gətirilib. Burada bir nəfər 3 otağı gəzmək üçün 2 manat ödəməlidir.
İkinci atraksion isə “Şən güzgülər” adlanır. Müxtəlif formalı gözgülərdə insanlar özlərini çox qəribə şəkillərdə, eybəcər hallarda görürlət. Bu həm gülməli, həm də çox əyləncəlidir. Bu otağa girmək üçün 50 qəpik ödəmək lazımdır. Bu otaq ən çox kiçik yaşlı uşaqların marağına səbəb olur.
Bulvarda əylənmək xoş olsa da, gərək cibin dolu olsun. Çünki, həmişəki kimi qiymətlər əlimizi yandırır. N.Məcidov bazar iqtisadiyyatı ilə əlaqədar Bulvar İdarəsinin qiymətlərə birbaşa təsir edə bilmədiyini bildirir. Amma Bulvar İdarəsi bayramqabağı süni qiymət artımının olmaması üçün nəzarəti gücləndirəcək. Xüsusilə, kafelərdə müştərilərə zorla çay dəstgahı sırınmasının qarşısı alınacaq.