Azərbaycanlı zəvvarların ilk qrupu sabah Həcc ziyarətinə yola düşəcək
22 Oktyabr 2011 Şənbə 11:33
18 avtobusdan ibarət karvan “Binə” ticarət mərkəzinin yaxınlığındakı meydandan yola düşəcək.
Azərbaycanlı zəvvarların ilk qrupu sabah səhər saatlarında Həcc ziyarətinə yola düşəcək. Bu barədə məlumatı ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov verib. Oktyabrın 23-də yola düşəcək ilk karvanda 18 avtobus olacaq. Avtobuslar Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığındakı meydandan yola düşəcəklər. 26 avtobusdan ibarət ikinci avtobus karvanı isə oktyabrın 24-ü yola düşəcək.
Həcc ziyarətinə təyyarə ilə gedəcək zəvvarlar isə oktyabrın 28-31-də ziyarətə getməyə başlayacaqlar.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, keçən il olduğu kimi 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər. Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar