Azərbaycanlı müğənni Samir Cavadzadə saxlanılıb
20 Noyabr 2011 Bazar 13:03
Samir Cavadzadə sabah məhkəmə qarşısında cavab verəcək.
Azərbaycanı 2008-ci ildə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Samir Cavadzadə polis tərəfindən saxlanılıb. Bu barədə Nəsimi Rayon Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi İlham Paşayev ANS PRESS-ə məlumat verib.
“Samir Cavadzadə otaq yoldaşı Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar dünən günorta saatlarında saxlanıb. O sabah Nəsimi Rayon Məhkəməsinə çıxarılacaq. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Əgər onun cinayəti məhkəmə tərəfindən sübuta yetirilərsə, Samir Cavadzadə 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər”, - deyə İlham Paşayev bildirib.
Qeyd edək ki, İlham Paşayev istintaq sirri olduğu üçün proses barədə ətraflı məlumat vermədi.
Xatırladaq ki, bıçaqlanma hadisəsi sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, fotoqraf Elvin Hüseynov otaq yoldaşı Samir Cavadzadə tərəfindən bıçaqlanıb. Baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı iki dəfə ekspertiza keçirilib. Ekspert rəyinə görə, S. Cavadzadə tərəfindən bıçaqlanan E. Hüseynovun xəsarəti ağır qiymətləndirib.
Qeyd edək ki, ilkin olaraq hər 2 şəxs mətbuata yalan məlumatlar verərək faktı təkzib etsələr də, polisə verdikləri ifadələrində hadisəni etiraf ediblər.
DOSTLARINLA PAYLAŞ: