Azərbaycanın xaricdəki səfirlərinin əmək haqları açıqlanıb
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Ən çox əmək haqqı Yaponiyada, ən az isə Orta Asiya ölkələrində çalışan səfirlər alır.
Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən diplomatlar arasında ən çox əmək haqqı Yaponiyada, ən az isə Orta Asiya ölkələrində çalışan səfirlər alır. APA-nın Milli Büdcə Qrupuna istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidentinin müvafiq sərəncamında bildirilir.

Ölkə başçısının "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əmək haqlarının təsdiq edilməsi haqqında" sərəncamına əsasən, ABŞ, Kanada, Koreya, Rusiya və BMT-də təmsil olunan səfirlərin aylıq maaşı 4 500 dollar təşkil edir.

Səfirlər arasında ən yüksək maaşı Yaponiyadakı diplomat alır. Onun aylıq maaşı 587,4 min yen və ya 7 640 dollara bərabərdir.

Avropa İttifaqı ölkələri - Almaniya, Avstriya, Belçika, Fransa, İsveç, İsveçrə, İtaliya, Niderlanddakı diplomatik korpuslara rəhbərlik edən Azərbaycan səfirləri hər ay 5 000 dollar (3 700 avro) məbləğində məvacib alırlar. Avropa Şurası, BMT-nin Cenevrə şəhərindəki bölməsi, NATO, UNESCO kimi qurumlarda Azərbaycanı təmsil edən səfirlərin də maaşı 5 000 dollara bərabərdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına göndərilən səfirin aylıq əmək haqqı isə 4 000 dollar (2 575 funt sterlinq) təşkil edir.

Səfirlər arasında ən az maaşı Orta Asiyada işləyən diplomatlar alır. Belə ki, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanda işləyən səfirlərə hökumət tərəfindən ayda 2 800 dollar məvacib ödənilir.

Bununla yanaşı bildirilir ki, İspaniya, Macarıstan, Polşa, Xorvatiya, Yunanıstandakı səfirlərimiz – 4 865 dollar (3 600 avro), Bolqarıstan, Çexiya, Latviya, Litva, Rumıniya, Türkiyədə – 4 765 dollar (3 525 avro), Belarus, Gürcüstan, Moldova, İraq, Vyetnamda – 3 400 dollar, Argentina, Hindistan, İndoneziya, İordaniya, İran, Küveyt, Qətər, Qazaxıstan, Malayziya, Meksika, Mərakeş, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tailand, Ukraynaja – 3 500 dollar, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Cənubi Afrika Respublikası, Çindəki səfirlər isə 3 700 dollar əmək haqqı alır.

Qeyd edək ki, Milli Büdcə Qrupu (MBQ) 2006-ci ildə dövlət büdcəsinin araşdırmaları sahəsində fəaliyyət göstərən 8 qeyri-hökumət təşkilatları tərəfindən təsis edilən koalisiyadır. MBQ-nin hazırkı üzvləri İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, «İntellekt» İB, İctimai Vəsaitin Monitorinqi Mərkəzi, Azad İqtisadiyyata Yardım İB, İqtisadi İnnovasiya Mərkəzidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar