Azərbaycanın geosiyasi mövqeyi güclənəcək
17 Aprel 2012 Çərşənbə Axşamı 22:00
Ekspert: “Qaz artıq Avropanın enerji təhlükəsizliyində vacib amilə çevrilir”.
“Şahdəniz” konsorsiumu 225 milyard dəyəri olan “Şahdəniz-2” layihəsinin mühəndis layihələndirmə işlərinə başlanması qərarını təsdiqləyib. Bu qərar Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda işgüzar səfərdə olan bp şirkətinin icraçı direktoru Robert Dadli arasında keçirilmiş görüş zamanı elan edilib. Beləliklə, “Şahdəniz-2” layihəsinə rəsmən start verilib.

İldə 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutan “Şahdəniz-2” Orta Asiya və Azərbaycan qazını Avropaya daşıyacaq ilk mühüm qaz mənbəyidir. İqtisadçılar hesab edir ki, bu layihə Avropa bazarlarının qaz təchizatını və enerji təhlükəsizliyini artırmaqla yanaşı, Azərbaycanın da geosiyasi əhəmiyyətinə təsir edəcək.

İqtisadçı ekspert İlham Şabanın sözlərinə görə, 2020-ci ilə qədər Azərbaycanın neft hasilatı tədricən azalacaq: “Bunun əvəzinə qaz istehsalı 2040-a qədər yüksələcək. Deməli, Azərbaycanın Avropada, regionda geosiyasi mövqeyi də güclənəcək. Çünki qaz artıq Avropanın enerji təhlükəsizliyində vacib amilə çevrilir”.

Xatırladaq ki, “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr həcmində qiymətləndirilir. Konsorsium “Şahdəniz-2” layihəsi üzrə qaz ixracına təqribən 2017-ci ilin sonunda başlamaq fikrindədir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar