Azərbaycanın cənub rayonlarına güclü leysan yağır
06 Sentyabr 2011 Çərşənbə Axşamı 11:18
Lənkəran. Ağəddin Babayev - APA. Sentyabrın 5-dən 6-a keçən gecədən başlayaraq ölkənin cənub bölgəsində güclü yağışlar yağır.
APA-nın yerli bürosunun məlumatına görə, yağışlar nəticəsində bir sıra yaşayış məntəqələrində fərdi təsərrüfatlar və əkin sahələri sel sularının altında qalıb. Ələt-Astara magistralının Lənkəranın Parakənd qəsəbəsi və Astaranın Təngərüd kəndi ərazisindən keçən hissəsini su basdığından minik avtomobillərinin hərəkətində məhdudiyyətlər yaranıb. Bundan başqa, Lənkəran şəhərinin küçələri, piyada yollarını da su basıb. Çaylarda və kanallarda sululuğun səviyyəsi artıb. Lənkəran-Lerik və Masallı-Yardımlı şose yolları isə işlək vəziyyətdədir.
Güclü leysan dağ rayonlarının bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində də problem yaradıb.
Rayonların fövqəladə hallar üzrə komissiyalarından APA-ya verilən məlumata görə, yağışların törətdiyi fəsadlar barəsində vətəndaşlardan hər hansı müraciət daxil olmayıb.
Güclü yağış hazırda da davam edir.
DOSTLARINLA PAYLAŞ: