Azərbaycanda yeni dərs ili başlayır
15 Sentyabr 2011 Cümə Axşamı 02:46
Bu il 124 mindən çox uşaq I sinifə gedəcək
Bu gün Azərbaycanda yeni dərs ili başlayır. ANS PRESS-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 124 min 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120 min 420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində isə 118 min 947 nəfər təşkil edib.

Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32812 nəfər təşkil edib.

Təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Yeni dərs ilində 47 yeni orta məktəb şagirdlərin istifadəsinə veriləcək. Bunlarla yanaşı, 6 məktəb əsaslı təmir edilib, ayrı-ayrı bölgələrdəki məktəblərə 2 milyon manat dəyərində 12957 parta, 1080 yazı lövhəsi, 2095 müəllim stolu, 3750 müəllim stulu verilib. Müqayisə üçün qeyd edək ki, 2010-2011-ci dərs ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb inşa olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34,5-dən 21-ə enib.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxtda 111 təhsil müəssisəsinin əsaslı şəkildə təmirinə başlanılıb. Bunlardan 54-ü məktəb, 57-si isə uşaq bağçasıdır. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də nəzərdə tutulub.

2004-cü ildən Təhsil Nazirliyi tərəfindən 353 yeni məktəb binası, 184 məktəbin həyətində əlavə sinif otaqları və tədris korpusu inşa olunub. 176 məktəb əsaslı təmir edilib, 11 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilib. 50 məktəbəqədər təhsil müəssisəsində, 9 peşə məktəbində əsaslı təmir işləri aparılıb, 1 yeni peşə məktəbi üçün bina tikilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar