Azərbaycanda telekanallara serialların çəkilişi üçün əlavə vəsait ayrılacaq
19 Mart 2012 Bazar Ertəsi 15:59
Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.
Aprelin əvvəlində telekanallara serialların çəkilməsi ilə bağlı əlavə maliyyə vəsaiti ayrılacaq.
Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, ötən il ölkə prezidentinin sərəncamı ilə televiziya filmlərinin və serialların çəkilməsi üçün ayrılan 5 milyon manat vəsaitdən 3 milyon 200 min manatı qalıb. Bu müddət ərzində telekanallar serialların çəkilişi ilə bağlı xeyli iş görüb: “Amma əsas iş mart ayında gedir. Ona görə də məqsədimiz var ki, aprelin əvvəlində telekanallara əlavə vəsait ayrılsın. Bununla bağlı iş aparırıq”. N. Məhərrəmli bildirib ki, serialların çəkilişi üçün ayrılan 5 milyon manat əsasən televiziya kanalları üçün nəzərdə tutulub: “Biz prodakşnlarla işləmədik. Çünki prodakşnlar serialı çəkəndən sonra onun telekanallarda göstərilmə problemi olacaqdı. Ona görə də biz ən məqbul variantı seçdik ki, telekanallar prodakşnlarla birgə çalışsın. Artıq belə bir praktika var. Hesab edirəm ki, gələcəkdə dövlət tərəfindən əlavə vəsait ayrılarsa, o zaman biz birbaşa prodakşnlarla işləmə məsələsinə baxa bilərik”.

“Kanallara pul eyni məbləğdə, yoxsa fərqli veriləcək” sualına cavabında MTRŞ sədri bildirib ki, bu iş kanalların verdiyi ssenarilərə, smetalara uyğun olaraq həyata keçiriləcək: “Hər bir serialın özünün dəyəri var. Ona uyğun hərəkət edəcəyik və çalışacağıq ki, telekanallar bu məbləğdən kifayət qədər bəhrələnsin, mayın 1-dək lazım olan hazırlıq işlərini görə bilsinlər. Telekanallar bilir ki, mayın 1-dən xarici serialların yayımı dayandırılacaq. Ona görə də telekanalların bəzisi 4, bəzisi 5, bəzisi isə ən azı 3 serial çəkir. Bu hesabla hazırda 15-20 serialın çəkilişi gedir”.

MTRŞ sədri deyib ki, 2012-ci il üçün teleserialların çəkilişi ilə bağlı maliyyə ötən il üçün ayrılan maliyyə tam xərclənəndən sonra - iyun-iyul aylarında ayrılacaq.

Qeyd edək ki, MTRŞ ötən il ölkə prezidentinin serialların çəkilişi üçün ayırdığı 5 milyon manat vəsaitdən telekanalların hər birinin hesabına 300 min manat vəsait köçürüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar