Azərbaycanda qanunsuz odlu silahın daşınmasında təqsirli bilinən dəstə ifşa olunub
07 Sentyabr 2011 Çərşənbə 17:45
16 nəfər ifşa olunub.
Milli Təhlükəsizlik Nazirliyi son günlər ölkədə həyata keçirdiyi əməliyyat tədbirləri barədə məlumat yayıb. Nazirliyin İctimai Əlaqələr Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində, eləcə də qanunsuz olaraq odlu silahın, döyüş sursatının saxlanılması və daşımasında təqsirli bilinən 16 nəfər ifşa olunmuş, ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Bunyatov Eldar Hacıbaba oğlu və Qənbərov Münasib Mikayıl oğlu saxlanılıb. Məlum olub ki, Eldar Bünyatov, Münasib Qənbərov, həmçinin hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədi ilə külli miqdarda həşiş qətranını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətirib. Müəyyən edilib ki, əvvəlcədən əldə olunan razılığa əsasən, həmin iranlı Astara rayonunun Pəlikəş kəndi yaxınlığında narkotik vasitəni Eldar Bunyatova təhvil vermişdir. Bundan sonra Eldar Bunyatov və Münasib Qənbərov içərisində narkotik vasitə olan 2 ədəd bağlamanı yaşadıqları ərazinin yaxılığındakı meşə zolağında gizlədib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Bunyatov və Münasib Qənbərov yaxalanılıb, baxış zamanı sonuncunun Astara rayonunun Şümrüd kəndi yaxınlığında narkotik vasitəni gizlətdiyi yerdən qrupa məxsus içərisində 11 kiloqram 794.9 qram həşiş qətranı olan 2 ədəd bağlama aşkar edilərək götürülüb.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Nağıyev Hafis Böyükxan oğlu və Nəsirov Cavid Məmməd oğlu saxlanılaraq onlardan 1 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb. Məlum olub ki, Cavid Nəsirovun sifarişi ilə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı əvvəlcədən əldə olunmuş razılığa əsasən, həmin narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə keçirərək Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında torpağa basdırmış və bu barədə Cavid Nəsirovu məlumatlandırıb. Bundan sonra Cavid Nəsirovun tapşırığına əsasən, Hafis Nağıyev Cəlilabad rayonuna gəlmiş və Cəfərli kəndinə gedərək gizlədilmiş narkotik vasitəni götürüb taksi ilə Bakı şəhərinə qayıdıb. Gecə təxminən saat 00:20 radələrində Hafis Nağıyev Lökbatan dairəsində Cavid Nəsirovla görüşərək gətirdiyi narkotik vasitəni ona təhvil verərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıb.

Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Mirzəyev Vəkil Zeynal oğlu və Bayramov Zaur Nux oğlu saxlanılıb. Onlardan 1 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Mirzəyev Vəkil və Zaur Bayramov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətiriblər.

Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Ələkbərov Maarif Famil oğlu, Əhmədov Pərviz İbrahim oğlu və Suleymanov Eldar Mədət oğlu yaxalanaraq onlardan 881,1 qram heroin götürülüb. Məlum olub ki, Maarif Ələkbərov, Pərviz Əhmədov və Eldar Süleymanov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətiriblər.

Digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşgul olan Azərbaycan Respublikasının vətəndaşları – Qasımov Oruc Vəliağa oğlu, Abduləliyev Arif Məhər oğlu, Həsənov Zaman İman oğlu, Hüseynov Hüseynağa Abbasqulu oğlu və Əliyeva Firəngiz Məmmədağa qızı saxlanılıb, onların üzərindən isə 572 qram heroin aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Oruc Qasımov, Arif Abduləliyev, Zaman Həsənov, Hüseynağa Hüseynov və Firəngiz Əliyeva, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətiriblər.

Sentyabrın 3-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Xəyam Xanlar oğlu və Qorçuzadə Məhəmməd İsrayıl oğlu Gəncə şəhərində saxlanılıb. Keçirilən baxış zamanı Xəyam Hüseynovun evindən 1 ədəd “Makarov” tipli tapança və həmin tapança üçün 7 ədəd güllə aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, Məhəmməd Qorçuzadə Gəncə şəhərinə gələrək burada Xəyam Hüseynovla görüşmüş və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan qardaşı Qorçuzadə İbrahim İsrail oğluna qaçaq yolla çatdırmaq üçün, sonuncunun tapşırığına əsasən həmin silah-sursatı “Azərbaycan-Rusiya” marşrutu üzrə avtobus sürücüsü işləyən Xəyyam Hüseynova təhvil verib.

Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar