Azərbaycanda nar bayramı keçirilib
04 Noyabr 2011 Cümə 15:00
Göyçay rayonunda VI Nar bayramı keçirilib. APA-nın məlumatına görə, bayram tədbirində Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və əcnəbi iş adamları, ümumilikdə 100-dən çox rəsmi qonaq iştirak edib.


Əvvəlcə tədbirdə nara həsr olunmuş şeir və mahnılar dinlənilib, yerli musiqiçilərin, aşıqların, meyxanaçıların çıxışları olub. maraqla qarşılanıb. Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin üzvləri Fəttah Heydərov və Şəmsəddin Hacıyev, ABŞ-ın, Rusiyanın, Belarusun, Litvanın və Tacikistanın Azərbaycandakı səfirləri çıxış ediblər. Qonaqlar nar sərgisində rayonun 30 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi müxtəlif sort nar və onlardan hazırlanan məhsulların, eləcə də yerli müəssisələrdə istehsal edilən şirə və ekstraktların dadına baxıblar.
Heydər Əliyev parkına rəmzi olaraq nar ağacları əkilib, yeni ailə quran bəy və gəlinə hədiyyələr verilib. Heydər Əliyev prospektində idmançıların, sehrbaz və kəndirbazların, mahnı-rəqs qruplarının çıxışları olub. Milli yeməklər, şirniyyatlar hazırlanaraq tədbir iştirakçılarına təqdim olunub. Sonra folklor qruplarının çıxışları olub, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıblar. Narla bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib. Bayram tədbiri axşam saatlarında respublikanın tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə davam edəcək və atəşfəşanlıqla başa çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar