Azərbaycanda mehmanxanalara lisenziyaların verilməsi elektronlaşdırılacaq
05 Yanvar 2012 Cümə Axşamı 15:21
Müraciətlər elektron formada qəbul ediləcək.
Azərbaycanda turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm işləri üzrə fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə lisenziyaların verilməsi elektronlaşdırılacaq. Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, hazırda bu istiqamətdə işlər aparılır. Turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün lisenziyaların verilməsinin elektronlaşdırılması ölkədə “Elektron hökumət”in qurulması istiqamətində görülən tədbirlərdən biridir.
Turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər hazırda yazılı şəkildə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edirlər. Nazirlik bu müraciəti araşdırır və daha sonra lisenziya ilə bağlı müvafiq qərar qəbul edir.
Lisenziyaların verilməsi elektronlaşdırıldıqdan sonra isə müraciət elektron formada qəbul ediləcək. Müraciətlərə qanunvericilikdə müəyyən edilmiş vaxt ərzində cavab veriləcək.
Hazırda Azərbaycanda 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bunlardan 315-nin lisenziyası var.
DOSTLARINLA PAYLAŞ: