Azərbaycanda iş adamını oğurlayaraq qətlə yetirən şəxs yaxalanıb
27 Mart 2012 Çərşənbə Axşamı 14:03
Yaxalanan şəxs 2003-cü ildən axtarışda olub.
Azərbaycanda 9 il əvvəl tanınmış iş adamını oğurlayaraq qətlə yetirən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 27 mart tarixində Binəqədi rayonunda Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5, 120.2.11 (qəsdən adam öldürmə), 182.3.2 (quldurluq), 217.2 (banditizm) və 228.2.2-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə təqsirləndirilən, 2003-cü ildən axtarışda olan, 1969-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Bakı şəhərində qeydiyyatda olan Miryusif Mirislam oğlu Əliyev martın 27-də tutularaq, Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.
Belə ki, Miryusif Əliyev 13 yanvar 2003-cü il tarixdə Novruzov Rəşad Muğan oğlu və Nəsirov Ümid Kamal oğlu ilə cinayət əlaqəsinə girərək tanınmış iş adamı Knyaz Abbas oğlu Məmmədovu Nərimanov rayonu ərazisində oğurlayıb. M. Əliyev iş adamını ailəsindən onu geri qaytarmaq müqabilində 150 min dollar alıb. Pulu aldıqdan sonra isə iş adamını qətlə yetirib. R. Novruzov və Ü. Nəsirov 2003-cü ildə yaxalanıb. M. Əliyevin barəsində isə 13.03.2003-cü ildən axtarış elan olunub.
DOSTLARINLA PAYLAŞ: