Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir
04 Yanvar 2012 Çərşənbə 00:58
“Əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir”.
“Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf strategiyasının inamla davam etdirilməsi 2011-ci ildə də ölkə iqtisadiyyatının potensial imkanlarını sürətlə yüksəltdi. Nəticədə bu gün Azərbaycanda dayanıqlı, sabit və dinamik inkişaf edən iqtisadi sistem yaranıb”. ANS PRESS-in məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a müsahibəsində deyib.
Əli Həsənov bildirib ki, təkcə 2011-ci ildə deyil, ümumiyyətlə, son 8 ildə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində həqiqətən də inqilabi nəticələr əldə edib: “Konkret proqramlar əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanda müasir dövlət, müasir cəmiyyət formalaşıb. Ölkədə yol, nəqliyyat, kommunal təchizat, elm, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, qısası, bütün sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırılıb”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin edilib: “Bu dövr ərzində iqtisadiyyatımız üç dəfə, dövlət büdcəsi 20 dəfə artıb, 50 milyard dollar həcmində valyuta ehtiyatımız formalaşıb. Ölkənin enerji potensialı güclənib, iqtisadiyyatı şaxələndirilib, qeyri-neft sektoru, sənaye sürətlə inkişaf edir. Ölkədə makroiqtisadi sabitlik qorunur, inflyasiya birrəqəmli səviyyədə saxlanılır. 2011-ci ilin 9 ayında inflyasiya 8,4 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 19 faiz artıb. Göründüyü kimi, əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir”.
DOSTLARINLA PAYLAŞ: