Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu yaradılacaq
30 Dekabr 2011 Cümə 00:24
Bakıdakı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti nəticəsində şəhər nəqliyyatının bir çox problemləri öz həllini tapacaq.


APA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı mərasiminki çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, dünyada buna bənzər səkkiz mərkəz var və onların arasında ən qabaqcıl və ən mütərəqqi texnologiyalara malik olanı Bakı Mərkəzidir. Prezident qeyd edib ki, bu mərkəzin yaradılması ideyası onun Koreya Respublikasına səfəri zamanı ortaya çıxıb.
Koreya şirkətlərinin fəal iştirakı ilə bu sistem Azərbaycanda, Bakıda qurulub və şəhər nəqliyyatına böyük töhfəsi olacaq. Həm təhlükəsizlik məsələləri daha da geniş şəkildə öz həllini tapacaq, həm də yol hərəkətinin tənzimlənməsi üçün yeni imkanlar yaradılacaq. Yol hərəkətini daha mədəni şəkildə aparmaq üçün gözəl şərait yaradılır, nəzarət sistemi tam mükəmməldir. Prezident əmin olduğunu bildirib ki, sistem tam şəkildə işə düşəndən sonra Bakının hər bir sakini öz həyatında bu mərkəzin gözəl təsirini görəcək.
O qeyd edib ki, növbəti mərhələdə digər şəhərlərdə də bu sistem quracaq. Beləliklə, bir neçə ildən sonra ölkənin bütün şəhərləri bu sistemlə təmin ediləcək. “Bu, nəticə etibarilə dünya praktikasında nadir bir vəziyyətə gətirib çıxaracaq. Çünki qeyd etdiyim kimi, bu sistem səkkiz ölkədə var, ancaq bir və iki şəhəri əhatə edir. Planlarımız ondan ibarətdir ki, bu sistem hər bir şəhərdə qurulsun. Çünki indi nəinki Bakıda, eyni zamanda, bölgələrdə, digər şəhərlərdə yol hərəkətinin intensivliyi artır, avtomaşınların sayı artır. Biz necə ki, Bakı üçün konseptual yanaşmanı yaratmışıq, hər bir şəhər üçün də belə yanaşma olmalıdır”.
Prezident bildirib ki, son illər ərzində şəhər nəqliyyatının idarə edilməsinin təkmilləşdirilməsi üçün digər vacib tədbirlər görülüb. Kiçik marşrut avtobusları aradan qaldırılıb, yeni, gözəl, rahat avtobuslar, taksilər gətirilib, yeni yollar çəkilir, mövcud olan yollar genişləndirilir, yol qovşaqları, körpülər, tunellər, keçidlər tikilir.


Dövlət başçısının fikrincə, bununla bərabər metronun tikintisi davam etməlidir. Bu nəqliyyatın yükünü azaldacaq. Hər il yeni metro stansiyası tikilir və artıq 23 stansiya fəaliyyət göstərir. Konseptual plan tərtib edilib - 2015-ci və 2030-cu illərədək nə qədər stansiya istifadəyə veriləcək. Bu plana əsasən Bakıda metro stansiyalarının sayı 70-ə çatmalıdır. Heç bir başqa şəhərdə belə qısa müddət ərzində 50-yə yaxın stansiyanın tikintisi proqramı yoxdur, ancaq Bakıda var.
İlham Əliyev deyib: “Biz çalışacağıq ki, digər tədbirlərin görülməsi nəticəsində Bakıda nəqliyyat problemimizi daha da uğurla həll edək. Dünyada yeni texnologiyalar var. Biz o texnologiyaları gətiririk. İşıqforların sinxron şəkildə fəaliyyəti, yol qovşaqlarının, parkinq yerlərinin yaradılması. Bu gün mənə təqdimatda göstərildi, hansı imkanlar var. İndi Bakıda böyük ərazilərdə yeni parkinqlər tikilir. Gələn il minlərlə maşın üçün yeni parkinqlər yaradılacaq. Bu proses də davam etməlidir. Biz bu işlərə kompleks şəkildə yanaşırıq və beləliklə, gözəl şəhərimizə yaraşan nəqliyyat sistemimizi də qururuq. İndi bütün dayanacaqlarda elektron lövhələr, müşahidə kameraları mövcuddur. Bu, özlüyündə şəhərimizdə təhlükəsizlik tədbirlərinin güclənməsinə bir töhfədir”.

Bakı çox təhlükəsiz, rahat şəhər olduğunu vurğulayan prezident bildirib, ki, gecə də, gündüz də, səhər də insanlar rahat gəzirlər, istirahət edirlər. Kriminogen durum çox yaxşıdır. Amma bu müasir videomüşahidə sistemləri cinayəti törətmək istəyənlər üçün də bir siqnaldır. Hər kəs bilir ki, heç bir cinayət cəzasız qalmayacaq. İndi müşahidə kameraları yol-nəqliyyat hərəkətini tənzimləməyə kömək edir, eyni zamanda, bütövlükdə müşahidə üçün yaxşı bir vasitədir.
Dövlət başçısı ölkənin nəqliyyat sektoru çox uğurla inkişaf etdiyini vurğulayıb. Magistral, şəhərlərarası yollar, kənd yolları tikilir. Nəqliyyat sektoruna qoyulan investisiyalar özünü doğruldacaq. Bu sahəyə qoyulan vəsait bir neçə ildən sonra öz bəhrəsini verəcək. Azərbaycanın gözəl, mənzərəli yerlərində müasir otellər tikilir. “Yol olmasa, heç kim bir manat vəsait qoymaz. Yol və işıq birincidir. Bu məqsədlə bizim investisiya proqramlarımızda ən çox vəsait yol-nəqliyyat sahəsinə qoyulur. Biz növbəti illərdə də bunu davam etdirəcəyik, həm Bakıda, həm bölgələrdə. Beləliklə, Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu yaradılacaq. Artıq onun böyük hissəsi yaradılıb”.
Nəqliyyatın digər sektorları da inkişaf etdiyini bildirən prezident deyib ki, dəmir yolu, hava nəqliyyatı, dəniz nəqliyyatı inkişaf edir, yeni təyyarələr, tankerlər, bərələr alınır, yeni beynəlxalq aeroportlar tikilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar