Azərbaycanda əlillər üçün sayt açılıb
16 Dekabr 2011 Cümə 18:07
İnternet səhifəsini gənclərdən ibarət “Əngəlsiz Həyat” təşəbbüs qrupu yaradıb.
Bu gündən etibarən fiziki məhdudiyyətləri olan şəxslər üçün xüsusi internet səhifəsi fəaliyyətə başlayıb. ANS PRESS-in məlumatına görə, bu gün media nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdim olunan www.engelsiz.az saytı hərəkət etmək, görmək, eşitmək, danışmaqda çətinlik çəkən şəxslərə bir çox sahədə dəstək olacaq. İnternet səhifəsini bir neçə gəncdən ibarət “Əngəlsiz Həyat” təşəbbüs qrupu yaradıb.
Qrupun üzvlərindən biri və bu ideyanın müəllifi olan Tural Əlisoy özü də fiziki məhdudiyyəti olan şəxsdir. Layihə müəlliflərinin bu işdə maddi maraqları yoxdur. Onlar Tural kimi Azərbaycanda sayları minlərlə olan fiziki məhdudiyyətləri olan şəxslərə dəstək olmaq niyyətindədir.
“Əngəlsiz Həyat” layihəsinin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin aktiv sosial həyata inteqrasiyasına dəstək olmaqdır. Sayt vasitəsilə həmin şəxslərə öz bilik, bacarıq və qabiliyyətlərinə uyğun iş tapmaqda kömək olunacaq. Layihə həmçinin fiziki məhdudiyyətləri olan insanların təhsil almasına (treninq və kurslar, təhsil materialları, görmə qabiliyyəti məhdud olan şəxslər üçün xüsusi kitablar və materiallar, həmçinin hərəkət üçün vasitələr ilə təmin edilməsinə) dəstək olacaq.
Azərbaycanda fiziki məhdudiyyətləri olan şəxslərin qarşısında hər sahədə əngəl olan amillərin aradan qaldırılmasına çalışılacaq. “Əngəlsiz Həyat” layihəsi sayt vasitəsilə həm də cəmiyyəti maarifləndirərək digər insanların fiziki məhdudiyyətləri olan şəxslərə qarşı daha anlayışlı olmalarına kömək edəcək.
Sayt öz bilik, bacarıq, təcrübə və maddi imkanlarından istifadə edərək fiziki məhdudiyyətləri olan şəxslərə dəstək olmaq istəyənlər üçün körpü rolunu da oynayacaq. Təşəbbüs qrupu arzu edən hər kəsi layihəyə qoşulmağa, fiziki məhdudiyyətləri olan insanlar qarşısındakı əngəlləri dağıtmağa dəstək olmağa dəvət edir.
Transitons Online (TOL) və IREX təşkilatları layihəyə dəstək verirlər. Yeriməkdə çətinlik çəkən müğənni Murad Sadıx da saytın təqdimetmə mərasiminə qatılmışdı. Müğənni fiziki məhdudiyyətləri ilə barışıq halda necə yaşadığını və necə uğur qazandığı barədə danışıb. Bütün fiziki məhdudiyyətli şəxslərə səslənərək bildirib ki, bədən üzvlərinin hər hansı birinin tam fəaliyyətdə olmaması insanın qarşısında heç vaxt əngəl deyil.
DOSTLARINLA PAYLAŞ: