Azərbaycanda elektron xidmətlər sahəsində standartlar hazırlanıb
24 Noyabr 2011 Cümə Axşamı 12:26
Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bəyan edib.
Yaxın vaxtlarda Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanlarının elektron xidmətlər göstərməsi qaydalarının təsdiqlənməsi gözlənilir. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu gün “BakuTel-2011” beynəlxalq sərgi və konfransında bəyan edib.

Onun sözlərinə görə, Rabitə Nazirliyinin texniki komitəsi elektron xidmətlər sahəsində standartlar hazırlayıb və “onlar bütün dövlət strukturları tərəfindən tətbiq edilir”.

O həmçinin “e-hökumət” layihəsinin reallaşdırılmasının gedişi haqqında iştirakçılara məlumat verib.

Nazir müavini əlavə edib ki, bu layihənin uğurla reallaşdırılması üçün hər bir şərait, həmçinin qanunverici baza var.

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2011-ci ilin may ayında “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları əhaliyə elektron formatda xidmət göstərəcəklər.

Bununla əlaqədar olaraq, Nazirlər Kabinetinə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və xidmət növlərini müəyyən etmək tapşırılıb.

Mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün aşağıdakı tədbirləri həyata keçirmək həvalə edilib: səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması; elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi.

Bundan başqa, dövlət orqanları elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsinin, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsini; müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əslinin tələb edilməsi; göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsini təmin etməlidirlər.

Fərman çərçivəsində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb ki, üç ay müddətində: elektron xidmətin təkmilləşdirilməsi məqsədi ilə dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi işini təşkil etsin; dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi məqsədi ilə zəruri tədbirləri həyata keçirsin; dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “elektron hökumət” portalının yaradılmasını təmin etsin.

Bundan əlavə, Rabitə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün metodiki dəstəyi təmin etməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar