Azərbaycanda əhalinin sayı açıqlandı
19 Yanvar 2012 Cümə Axşamı 00:31
Ölkədə dünyaya gələn uşaqların sayına görə 17 illik rekord vurulub.
2012-ci il yanvarın 1-i vəziyyətinə ölkə əhalisinin sayı 1 milyon 239 min min nəfər və ya 1,4 faiz artaraq 9 milyon 235 min nəfərə çatıb. ANS PRESS-in Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, əhalinin 53 faizi şəhər, 47 faizi kənd yerlərində yaşayır, 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Hər 1000 nəfər kişiyə 1017 nəfər qadın düşür.
Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edir. 2011-ci il ərzində ölkədə 1 milyon 754 min nəfər körpə doğulub ki, bu da son 17 ildə ən yüksək göstəricidir. 2010-cu illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,5-dən 19,4-ə qədər artıb. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi qızlardır. Körpələrin 1506-sı əkiz, 33-ü üçəm olub.
Doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilib.
Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,4 uşaq düşür, bununla da ölkədə əhalinin təkrar istehsalı təmin olunur.
2011-ci ildə rəsmi dövlət orqanları tərəfindən 894 min nikah qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər artmışdır. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş olub. Ölkədə gənclərin problemlərinin həllinə yönəldilmiş dövlət siyasətinin həyata keçirilməsi, yeni iş yerlərinin açılması və gənclərin iqtisadiyyata daha çox cəlb olunması ilə əlaqədar əvvəllər Azərbaycandan xarici ölkələrə qazanc üçün getmiş gənclər Vətənə qayıdır, ölkədən gedənlərin sayı isə ilbəil azalır. Daxili İşlər Nazirliyinin məlumatına əsasən 2011-ci ildə daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı 2,2 min nəfər olub və 0,5 min nəfər ölkədən gedib. İmmiqrantların 77,1 faizini Rusiya Federasiyasından, 8,1 faizini Qazaxıstandan, 4,3 faizini Ukraynadan gələnlər, emiqrantların isə müvafiq olaraq 45,1 faizini, 32,7 faizini, və 8,4 faizini həmin ölkələrə gedənlər təşkil ediblər.
DOSTLARINLA PAYLAŞ: