Azərbaycanda əhalinin 25 faizinin çəkisi normadan çoxdur
12 Sentyabr 2011 Bazar Ertəsi 15:13
Ölkədə ən çox ölüm halları ürək-damar xəstəliklərindən baş verir
2006-cı ildən başlayaraq Azərbaycanda spirtli içkilərdən istifadə halları azalıb. ANS PRESS-in verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələyinin milli mütəxəssisi Sevil Əsədova bildirib.
S.Əsədovanın sözlərinə görə, Azərbaycanda ən çox ölüm halları ürək-damar xəstəlikləri səbəbindən baş verir: “Buna görə də hazırda ölkədə bu xəstəliyi yaradan risklərlə bağlı araşdırmalar aparılır. Bunlar arasında tütün məmulatları, alkoqollu içkilərin istifadəsi, aktiv olmayan həyat tərzi və anormal qidalanma faktorları böyük rol oynayır”.
Onun sözlərinə görə araşdırma nəticəsində Azərbaycanda əhalinin 25 faizinin çəkisinin normadan çox olduğu məlum olub. S. Əsədova bildirib ki, bu, qidalanma ilə əlaqədardır və risk faktorunu artırır.
“Gələn ildən Azərbaycanda risk faktorları haqqında əhalini məlumatlandırmaq üçün konsepsiya hazırlanacaq. Orada aktiv olmayan həyat tərzi, tütün məmulatı və alkoqoldan istifadə, həmçinin anormal qidalanmanın hansı nəticələrə gətirib çıxardığı qeyd olunacaq”, - deyə o əlavə edib.
S. Əsədova həmçinin deyib ki, Azərbaycanda ət və kərə yağından çox, süd və meyvə-tərəvəzdən isə az istifadə olunur.
DOSTLARINLA PAYLAŞ: