Azərbaycanda Dünya Gənclər Festivalı keçirilir
15 Oktyabr 2011 Şənbə 16:50
Bu gün Azərbaycanın Gəncə şəhərində Dünya Gənclər Festivalına start verilib.
APA-nın Qərb bürosunun məlumatına görə, festivalın açılışında Azərbaycan respublikası gənclər və idman naziri Azad Rəhimov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, milli məclisin deputatları və «Eurovision-2011»in qalibləri Eldar və Nigar iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər ilk olaraq festivala qatılmış xarici ölkələrdən olan gəncləri salamlayaraq onlara bu ilin Azərbaycanda Gənclər ili elan edilməsi, baş tutan bu tədbirin dahi Azərbaycan şairi Nizmai Gəncəvinin 870 illik yubileyi və Azərbaycanın müstəqilliyinin 20 illiyi ərəfəsində keçirilməsindən məlumat veriblər.
Festivala qatılmış Macarıstandan olan iştirakçı Virag Pörzse jurnalistlərin suallarını cavablandırıb: «Bu növ tədbirlərdə birinci dəfədir iştirak edirəm və ilk dəfədir Azərbaycana gəlmişəm. Bakı çox xoşuma gəldi çox gözəl şəhərdir. Gəncəyə isə hələ təzə gəldiyimiz üçün şəhər haqqında təəsüratlarımı bölüşə bilməyəcəyəm».
Festivala Almaniyadan qatılmış Vyetnam əsilli digər iştirakçı Tran Ngoc Truk jurnalistlərlə Azərbaycanla bağlı təəsüratlarını bölüşüb: «Azərbaycan və Bakının belə müasir olduğunu bilmirdim. Bu cür tədbirlərə artıq bir dəfə qatılmışam və ümid edirəm ki, bu tədbirdən çox sey öyrənəcəyik».
Daha sonra festival iştirakçıları Heydər Əliyev parkına gəzintiyə çıxıblar. Burada qonaqlara yeni tikiləcək Gənclər Evi barədə ətraflı məlumat verilib. İlk olaraq çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev tədbir iştirakçılarına Gənclər Evinin tikiləcəyi parkın yenidən qurulması haqqında məlumat verib: «İki il sonra Gəncəyə səfər edəndə burada 360 hektar ərazini əhatə edəcək Avropanın ən böyük parkını görəcəksiz. Burada böük Gənclər Mərkəzi və Heydər Əliyev Mərkəzi tikiləcək».
Daha sonra çıxış edən gənclər və idman naziri A.Rəhimov Azərbaycanın müxtəlif rayonlarında 6 Gənclər evinin fəaliyyət göstərdiyini bildirib: «Azərbaycan prezidenti tərəfindən imzalanmış 2011-2015-ci illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramında nəzərdə tutulan məqamlardan biri Gənclər evlərinin tikintisidir. Gələn ildən Azərbaycanın müxtəlif şəhər və rayonlarında 10 Gənclər mərkəzi tikiləcək». APA
DOSTLARINLA PAYLAŞ: