Azərbaycanda dövlət-din münasibətlərimövzusunda seminar-treninq keçirilib
20 Oktyabr 2011 Cümə Axşamı 17:18
Bu gün Lənkəran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirilib.
 APA-nın cənub bürosunun məlumatına görə, rayon ağsaqqallarının, dini icma rəhbərlərinin və yerli ziyalıların iştirakı ilə keçən tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev açıb. Daha sonra DQİDK-nin nümayəndəsi Nahid Məmmədov müzakirə olunan mövzuda məruzə ilə çıxış edib.
N. Məmmədov Azərbaycanda vətəndaşların dini etiqad azadlığının təmin olunması üzrə həyata keçirilən tədbirlərin müsbət bəhrə verdiyini bildirərək, hazırda ölkə üzrə 1802 məsciddən 1080-nin gündəlik fəaliyyət göstərdiyini, eyni zamanda 550-ə yaxın pir və ziyarətgahdan 50-nin daha fəal işlədiyini qeyd edib. Bu məscid və ziyarətgahların respublikanın bütün bölgələrini, eləcə də azsaylı xalqların və etnik qrupların yaşadıqları əraziləri əhatə etdiyini söyləyən komitə nümayəndəsi, Lənkəranda 75, Masallıda isə 120 məscidin olduğunu, bu məscidlərdən bəzilərinin mövsümi fəaliyyət göstərdiyini təəssüf hissi ilə qeyd edib. Tədbirdə, həmçinin bəzi yerlərdə əsasən Məhərrəmlik ayında və bayramlarda məscidlərin qapılarının dindarların üzünə açılması, öz şəxsiyyətini və ya yaxınlarının adlarını yaşatmaq məqsədilə məscid tikmək istəyənlərə rast gəlinməsi və əksər hallarda məscidlərdən başqa məqsədlər üçün istifadə edilməsi arzuolunmaz fakt kimi qiymətləndirilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar