Azərbaycanda daha bir Milli Fəaliyyət Planı təsdiqləndi
27 Dekabr 2011 Çərşənbə Axşamı 20:40
Prezident insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sənədin preambula hissəsində bildirilir ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
1998-ci ildə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq edib. Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilib. 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edib. Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icra vəziyyəti mütəmadi qaydada təhlil edilmiş, onun icrası nəticələrinin müzakirəsi üçün cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Prezident insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını təsdiq edib. Sərəncamın ikinci bəndində Ombudsmana Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik etmək tövsiyə olunub, Prezident Administrasiyasına Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin nəticələrini təhlil edərək, onun təkmilləşdirilməsinə dair təkliflər vermək tapşırılıb. Sərəncamda Milli Məclisə, Ali Məhkəməyə, Baş Prokurorluğa, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Vəkillər Kollegiyasına, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına, Mətbuat Şurasına Milli Fəaliyyət Proqramının həyata keçirilməsində fəal iştirak etmək tövsiyə olunub. Sərəncamın beşinci bəndində bildirilir ki, Milli Fəaliyyət Proqramında göstərilən icra orqanları Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etməlidir.
DOSTLARINLA PAYLAŞ: