Azərbaycanda ağac kəsənləri hansı ağır pul cəriməsi gözləyir?
30 Sentyabr 2011 Cümə 12:11
Ağac kəsən şəxs hər bir ağaca görə, 50 000 manatadək cərimə oluna bilər.
Bakı şəhərində ağacların qanunsuz kəsilməsi halları ilə tez-tez rastlaşırıq. Şikayət və məktublardan da şəhərin ağ ciyəri hesab olunan ağacların bəzən təmir olunan parklarda, yol kənarlarında kəsilməsinin şahidi oluruq. Bəs qanunsuz ağac kəsilməsinə görə vətəndaşları hansı cəza gözləyir?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin məsul əməkdaşı Raqub Mirzəyev Milli.Az-a açıqlamasında ağac kəsilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün nəzərdə tutulan cərimələri açıqlayıb.
Onun sözlərinə görə, ağacların kəsilməsi və məhv edilməsi Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı ilə tənzimlənir. Həmin qərarda nəzərdə tutulur ki, ağacların kəsilməsi yalnız istisna hallarda, yəni yıxılmış, qopmuş və təhlükə törədən ağaclar Ekologiya və Təbii Sərəvətlər Nazirliyinin ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə kəsilə və ya budana bilər. Digər hallarda ağacların kəsilməsi birmənalı şəkildə qadağandır.
R.Mizrəyev qeyd etdi ki, ağac kəsilməsinə görə İnzibati Xətalar Məcəlləsində hər bir vətəndaşın, hüquqi və vəzifəli şəxsin məsuliyyəti müəyyənləşdirilib: “Meşə fonduna daxil olmayan ağac və kol bitikilərinin zədələnməsi, kəsilməsi və məhv edilməsinə görə fiziki şəxslər üçün 2200-2500, vəzifəli şəxslər üçün 900-10000, hüquqi şəxslər üçün isə 40000-50000 manatadək cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan, hər bir ağac və kol bitkilərinin zədələnməsinə, məhv edilməsinə, kəsilməsinə görə, fiziki şəxslər 1300-1500, vəzifəli şəxslər 3500-4000, hüquqi şəxslər isə 20000-25000 manatdək cərimə olunur”.
Nazirlik rəsmisi şəxsi həyətlərdə olan ağacların kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. O, bildirib ki, şəxsi həyətlərdə olan ağacların kəsilməsinə xüsusi mülkiyyətiçinin özü qarar verir. Eyni zamanda mülkiyyətçinin həyətindəki ağacı kəsən şəxsi məhkəməyə vermək hüququ da var.
“Hər hansı vətəndaş parkda, küçədə, xiyabanda ağac kəsilməsi ilə rastlaşdıqda, dərhal Ətraf Mühitin Mühafizəsi Departamentinin 439-18-63, 438-13-35, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 539-67-87 nömrəli “qaynar xətt”inə zəng edə bilərlər” - deyə R.Mirzəyev əlavə etdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: