Azərbaycanda 3 yeni dövlət xidməti yaradılıb
04 Aprel 2012 Çərşənbə 19:59
Prezident Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Azərbaycan prezidenti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, qeyd olunan dövlət komitəsi yanında bir neçə yeni dövlət xidməti yaradılıb. Yeni yaradılan dövlət xidmətləri aşağıdakılardır:
1) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ərazi Dövlət Nəzarəti İdarələrinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti;
2) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin bazasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti;
3) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti.
Bundan başqa fərmanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu, yeni yaradılan dövlət xidmətlərinin isə Əsasnaməsi təsdiqlənib. Fərmanın digər bəndinə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 112 ştat vahidi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 60 ştat vahidi, ərazi idarələrinin işçilərinin say həddi 98 ştat vahidi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti aparatının işçilərinin say həddi 40 ştat vahidi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti aparatının işçilərinin say həddi 22 ştat vahidi müəyyən edilib.
Nazirlər Kabinetinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin maliyyələşdirilməsi və digər təminatı ilə bağlı məsələləri bir ay müddətində həll etmək, üç ay müddətində beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla “Akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanun layihəsini hazırlayıb, prezidentə təqdim etmək tapşırılıb. Bundan başqa NK üç ay ərzində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı və prezidentə təqdim etməlidir.
Nazirlər Kabineti həmçinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.
Fərmanda Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə strukturuna daxil olan ərazi sınaq və sertifikatlaşdırma idarələrinin ləğvi ilə əlaqədar sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan keçirməklə, sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsini təmin etmək tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: