Azərbaycanda 27 mindən çox narkotik istifadəçisi var
25 Yanvar 2012 Çərşənbə 23:02
Ölkədə narkotik istifadəçiləri arasında gənclər üstünlük təşkil edir.
Azərbaycanda 27 mindən çox narkotik istifadəçisi var. 2011-ci ilin sonunadək olan məlumatlara görə, həmin 20 min nəfərin 80 faizi damar daxili narkotik istifadəçiləridir. Qeydiyyata alınan narkotik istifadəçilərinin 70 faizdən çoxu 30 yaşdan yuxarı olan şəxslərdir. Ümumi qeydiyyata alınanlardan 600-dən çoxu isə qadındır.

Səhiyyə Nazirliyi yanında Narkoloji Mərkəzin həkim-narkoloqu Asif Məmmədlinin sözlərinə görə, qeydiyyatda olan narkotik istifadəçilərin sayı heç də reallığı özündə əks etdirmir. Əslində bu rəqəm daha böyükdür.

Asif Məmmədli deyir ki, bütün dünyada belə qəbul olunub ki, narkomanların, alkoqolik və toksikomanların əhali arasında həqiqi sayını tapmaq üçün bu rəqəmin arxasına əlavə bir sıfır əlavə olunur: “Bu nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycanda 270 min nəfərə yaxın narkotikada asılı olan şəxslər var. Təkzibolunmaz şəkildə demək olar ki, narkotik maddələri qəbul edənlərin sayı artmaqdadır. Üstəlik, ən xoşa gəlməyən cəhətlərdən biri də odur ki, bu xəstəlik gəncləşməyə doğru gedir”.

Azərbaycanda narkotik istifadəçilərinin arasında bütün təbəqələrdən olan insanlar var. Lakin ən çox 20 yaşından sonra bu xəstəliklərə tutulanlara rast gəlmək olar. Narkoloji Mərkəz isə insanların etibarını qazanmaq üçün mərkəzdə qeydiyyata düşənlərin anonimliyini tam təmin edir. Narkotik vasitələrə aludəçilik isə müxtəlif səbəblərdən yaranır.

Asif Məmmədlinin sözlərinə görə, bir çox hallarda narkotik aludəçilərinin bu bəlaya düçar olmasına onların valideynləri səbəb olur: “Onlar öz övladlarına guya yaxşılıq etmək istəyirlər və həddindən artıq çoxlu pul verirlər. Uşaq nəzarətsiz qalır və narkotik maddələri dadmaq istəyir. İstəyir ki, görsün heroinin dadı necədir. Amma o bilmir ki, narkotik asıllılığına düşəndən sonra oradan çıxmaq çox çətin olacaq”.

Respublika üzrə ən çox narkotik istifadəçiləri Bakı və Sumqayıt şəhərlərində, habelə cənub bölgəsindədir. Təkcə ötən il Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 1,5 tona yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyevin sözlərinə görə, təxmini hesablamalara görə, qanusuz dövriyyədə olan narkotik vasitələrin yalnız 30 faizi hüquq-mühafizə orqanları tərəfindən saxlanılır, qalan 70 faiz isə istehlak olunur.

Beynəlxalq arenada Azərbaycanın üzərindən daşınan qaçaqmal tranzit xəttinin “Şimal Balkan” marşrutu adlandırıldığını deyən Araz Əliquliyev bildirir ki, Azərbaycan Əfqanıstanda istehsal olunan narkotikin təxminən 20 faizinin ötürülməsində tranzit ölkə kimi çıxış edir. Bu narkotik isə Azərbaycana İran vasitəsilə gətirilir.

Araz Əliquliyevin sözlərinə görə, Azərbaycanı narahat edən ən gərgin zona İran sərhədidir: “Qaçaqmalçılıq yolu ilə daşınan narkotik vasitələrin 90 faizi İran vasitəsilə daşınır. Konteyner daşımalarında onun vasitəsilə narkotik maddələr Azərbaycan üzərindən keçərək, digər ölkələrə daşınır. Digər tərəfdən “Yaşıl sərhəd zolaqlar”ından digər cinayət qrupları vasitəsilə fərdi qaydada Azərbaycana daşınan narkotik vasitələrin bir hissəsi elə Azərbaycanda qalıb istehlak edilir”.

Bu gün Əfqanıstanda istehsal olunan narkotik vasitələr İran vasitəsilə Azərbaycanın işğal altındakı ərazilərinə keçirilir və həmin ərazilərdən də Avropaya daşınır. Bu gün “Şimal Balkan” xətti üzrə hüquq-mühafizə orqanlarına məlum olan 130-dan yuxarı marşrut var.

ABŞ Dövlət Departamentinin dünyada narkotik maddələrin istehsalı və onunla mübarizənin vəziyyətinə dair hesabatının Azərbaycana aid hissəsində qeyd edilir ki, Azərbaycan Əfqanıstan və İrandan Avropa və Rusiyaya narkotik vasitələr daşınan vacib yollardan birinin üzərində yerləşir. İldən-ilə də narkotik tacirləri üçün Azərbaycanın əhəmiyyəti artır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar