Azərbaycana yağan qar ötən illərə nisbətən qurudur
11 Mart 2012 Bazar 11:00
Bunu qarölçmə işlərini aparan ekspedisiya qrupu müəyyən edib
Azərbaycana yağan qar ötən illərə nisbətən qurudur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Çöl Tədqiqat Ekspedisiya Qrupu 1 mart 2012-ci il tarixində Böyük və Kiçik Qafqaz dağlarında başladığı ekspedisiya davam edir. Bu barədə ANS PRESS-ə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, bu məqsədilə qar ehtiyatları üzərində müşahidə-qiymətləndirmə işləri hazırda Gədəbəy rayonunda 3 marşurut üzrə aparılır.
“Daşkəsən rayonunda aparılan qarölçmə işlərindən sonra növbəti ünvan Gədəbəy rayonudur. Biz hazırda burada qarın hündürlüyünü və sululuğunu müəyyən edirik. Onu bildirim ki, qarın hündürlüyü ötən illərə nisbətən daha çox olsa da, qarın sululuğu nisbətən daha azdır. Bu da havaların çox şaxtalı keçməsilə əlaqədardır”, - deyə Asif Verdiyev qeyd edib.
Kiçik Qafqazın Gədəbəy, Göy-göl, Daşkəsən, Böyük Qafqazın Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının və Naxçıvan Muxtar Respublikasının çay hövzələrində 28 marşrut üzrə xüsusi proqrama əsasən qarölçmə işləri aparılacaq.
Qarölçmə işlərinin nəticələrinə əsasən, yuxarı çay hövzələrində formalaşan qar-su ehtiyatları qiymətləndiriləcək və bundan gursulu dövrun axım proqnozunun tərtibində istifadə olunacaq.
DOSTLARINLA PAYLAŞ: