“Azərbaycan üçün Türkiyə və Rusiya kənar dövlət deyil”
13 Sentyabr 2011 Çərşənbə Axşamı 04:10
“Dağlıq Qarabağ münaqişəsinin Türkiyə və Rusiya prezidentləri tərəfindən müzakirəsi problemin siyasi yolla həllinə kömək edə bilər”
“Dağlıq Qarabağ münaqişəsinin müxtəlif səviyyələrdə müzakirələr edilməsi problemin beynəlxalq səviyyəli olduğuna dəlalət edir. Az-az ölkələr var ki, onların ərazi problemləri beynəlxalq siyasətin daimi gündəliyindədir. Bunlardan biri də Dağlıq Qarabağ məsələsidir”. ANS PRESS-in məlumatına görə, bunu yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadənin fikrincə, Ermənistan çox istəyir ki, bu müzakirələr yalnız iki ölkə arasında aparılsın. Amma təcavüzkar dövlət buna nail ola bilmir: “Çünki ortada beynəlxalq hüquq normalarının pozulması, bir ölkənin digər ölkənin ərazisini işğal etməsi faktı var. Bu problemlə bağlı böyük dövlətlər vaxtaşırı müzakirələr aparırlar. Amma təəssüf ki, bəzən bütün bunlar müzkirlərdən o tərəfə getmir. Bununla belə məsələnin daim gündəlikdə qalması problemin həlli yolunun olduğunu göstərir”.

YAP Siyasi Şurasının üzvü bildirib ki, bu mənada Türkiyə və Rusiya prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması önəmlidir. Onun sözlərinə görə, Azərbaycan üçün Türkiyə və Rusiya kənar dövlət deyil. Onların hər ikisi Azərbaycanın yaxın qonşusu və dost ölkələrdir: “Buna görə də, həmin dövlətlərin bu münaqişəni müzakirə etməsi problemin siyasi həllinə müəyyən qədər kömək edə bilər. Azərbaycan tərəfindən məsələ bir dəfəlik qoyulur: Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır. Bu prezidenlərin danışıqları nəticəsində, yoxsa böyük dövlətlərin təsiri ilə olacaq, bu başqa məsələdir. Ermənistan beynəlxalq hüquq normalarının kobud şəkildə pozduğunun fərqində olmalıdır və bundan nəticə çıxarmalıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar