Azərbaycan Müdafiə Nazirliyi cəbhədə 2 əsgərin ölümünə münasibət bildirib
05 Mart 2012 Bazar Ertəsi 11:03
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun üç əsgərinin ölümünə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında bildirib ki, mətbuatda martın 2-dən 3-ə keçən gecə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən “N” saylı hissəsində iki əsgərin şəhid olması ilə bağlı məlumatlar yayılıb: “Məsələ ilə bağlı onu deyə bilərəm ki, Dibirov Vüqar Bəxtiyar oğlu və Seyidəliyev Seyidəli Şıxislam oğlunun ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır. Nəticəyə uyğun olaraq məlumat veriləcək”.
T. Abdullayev, həmçinin daha bir əsgərin xəstəlikdən ölməsinə də aydınlıq gətirib. Bildirib ki, Şəmkir Hərbi Birləşməsinin əsgəri Nadir Yunus oğlu Səfərəliyev kəskin leykoz xəstəliyindən dünyasını dəyişib: “Həkimlər əsgərin yaşaması üçün nə lazımdırsa ediblər. Lakin bu çox ağır xəstəlikdir. Təəssüf ki, onun xilas etmək mümkün olmayıb”.
DOSTLARINLA PAYLAŞ: