Azərbaycan mobil telefonlardan istifadəyə nəzarəti gücləndirir
30 Dekabr 2011 Cümə 15:25
Ölkədə istifadə olunan bütün mobil telefonlar və digər mobil cihazlar qeydiyyata alınacaq.
Azərbaycanda istifadə olunan bütün mobil telefonlar və digər mobil cihazlar qeydiyyata alınacaq. Nazirlər Kabineti "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nı təsdiqləyib. Qərarın qəbul edilməsində məqsəd Nazirlər Kabinetinin 2009-cu il 8 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı"nın icrasını təmin etməkdir.
"Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na əsasən, ölkədə mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıqlar mobil cihazların qeydiyyat sistemində (MCQS) qeydiyyata alınacaq.
MCQS Azərbaycanın telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazlar barədə göstəricilərin daxil edildiyi informasiya sistemidir. MCQS Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qurulur və bura mobil operatorların telekommunikasiya şəbəkələri qoşulur.
Qərara əsasən, MCQS-ə mobil telefonun bir sıra göstəriciləri daxil ediləcək. Bura mobil telefonların IMEI-kod adlanan beynəlxalq identifikasiya nömrəsi, telefonun mobil şəbəkə (abunəçi) nömrəsi, SİM kartın seriya nömrəsi, eləcə də mobil cihaz tipinin təsdiq kodu aiddir.
Qaydalara görə, MCQS-də qeydə alınan mobil cihazlar qanuniliyinə görə bir neçə kateqoriyaya bölünəcək. Ağ səhifəyə daxil olanlar qanuni qeydiyyata alınan, qara səhifəyə daxil olanlar isə qanuni qeydiyyata alınmayan cihazlardır. Qaydaya görə, mobil operatorlar qara səhifədə olan mobil cihazlara xidməti məhdudlaşdırmalıdırlar. Başqa sözlə, MCQS-da qeydiyyata düşməyən mobil cihazlardan istiifadə etmək praktiki olaraq mümkün olmayacaq. Boz səhifəyə daxil olan cihazlar isə ağ və qara səhifələrə düşməyənlərdir.
Qaydalara əsasən, IMEI nömrələri ağ səhifədə olan mobil cihazlar yalnız uyğunlaşdırıldığı mobil (sellülar) telefon nömrələri ilə istifadə edilir. Başqa sözlə, belə telefonları yalnız qeydiyyatdan keçdikləri telefon nömrələri ilə istifadə etmək mümkün olacaq.
Ölkəyə satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları idxal edən şəxslər idxal etdikləri, ölkə daxilində belə cihazların istehsalı ilə məşğul olanlar isə istehsal etdikləri mobil cihazlar barədə göstəriciləri təqdim etməklə həmin cihazların qeydiyyatı üçün qeydiyyat mərkəzinə müraciət etməlidirlər.
Azərbaycana mobil telefonu şəxsi istifadə məqsədilə gətirənlər də onların qeydiyyata alınması üçün bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət etməli olacaqlar. Mobil cihazların qeydiyyatı ilə bağlı qaydalara ölkəyə poçt vasitəsilə göndərilən cihazlara da aiddir.
Ərizədə göstərilmiş IMEI nömrəsinin ağ səhifədə olduğu və ya onun surətinin köçürüldüyü aşkar edilərsə, həmin IMEI nömrəsi dərhal qara səhifəyə daxil edilir və bu barədə müraciət edən şəxsə rəsmi məlumat göndərilir. Mobil cihaz istifadə edildiyi halda isə abunəçiyə aidiyyəti mobil operator tərəfindən qısa mesaj göndərilir, mobil operatorlar qara səhifəyə daxil edilmiş IMEI nömrələri üzrə mobil cihazların fəaliyyətini 24 saat ərzində məhdudlaşdırırlar.
Yeni qaydalara görə, mobil telefonu itən və ya oğurlanan şəxs həmin telefona xidmət göstərilməsinin məhdudlaşdırılması üçün qeydiyyat mərkəzinə müraciət edə bilər. Bu müraciət nəticəsində telefona xidmət kəsilir. Həmin cihazdan istifadəyə icazə verilməsi üçün də (məsələn, telefon tapıldıqda) abunəçi eyni qayda ilə qeydiyyat mərkəzinə müraciət etməlidir.
Qərara əsasən, mobil cihazların MCQS-də qeydiyyatına bu sistemin qurulmasından sonra başlanacaq. Eyni zamanda bildirilir ki, bu günədək istifadə olunan mobil cihazların qeydiyyatında problem olmayacaq. Qərara əsasən, MCQS-nin istismarına başlanıldığı tarixədək mobil operatorların şəbəkələrində istifadə edilən mobil cihazların IMEI nömrələri qeydiyyat mərkəzi tərəfindən mobil operatorların təqdim etdikləri məlumatlar əsasında ağ səhifəyə daxil edilir. MCQS-də qeydiyyata alınmış mobil cihazların istifadəçiləri dəyişdikdə, həmin cihazların təkrar qeydiyyatı tələb olunmur.
DOSTLARINLA PAYLAŞ: