"Azərbaycan İsraillə münasibətlərinə yenidən baxmalıdır"
19 Sentyabr 2011 Bazar Ertəsi 11:31
Türkiyənin Azərbaycandakı səfiri Hulusı Kılıç bu barədə ANS-ə danışıb
"Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır". Bunu ANS-in "Hesabat" verilişinə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusı Kılıç deyib.

“Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır. Azərbaycanla İsrail arasında münasibətlərin hər zaman güclənməsini istəyirik. Amma bunun da bir şərti var. Bir tərəfdən Türkiyə ilə İsrail arasındakı münasibətlər pozulub və bu məsələnin belə şəkildə davam etməsi hər türk vətəndaşını rahatsız edir. Bu, münasibətlərə təsir etməlidir. Bunun ən sadə nümunəsi Türkiyə ilə Ermənistan münasibətləridir. Ceyhandan İsrailə neft daşındığını bilirik. İsrail bu haqda fikriləşməlidir. Burada bir problem olacağını nəzərə almalıdır. Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Bizim Azərbaycana güvənimiz tamdır”,- deyə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Mixail Lotem ANS-ə müshaibəsində Azərbaycanla İsrail arasında çox güclü strateji əlaqələrin olduğunu və hər hansı III dövlətin bu münasibətləri korlamaq gücündə olmadığını söyləyib: “Azərbaycanla İsrail bir-birinə strateji tərəfdaşdır və bizim münasibətlər heç bir üçüncü qüvvə və ya üçüncü ölkə tərəfindən nizama alına bilməz. Bu münasibətlər qarşılıqlı münasibətlərdir. Bu gün seçdiyimiz yol hər iki ölkə ilə ayrı-ayrıdır, yəni Azərbaycanla ayrı, Türkiyə ilə ayrı münasibətlərə malikik”.

İsraillə Türkiyə arasındakı münasibətlər ötən il mayın 31-də İsrail hərbi-dəniz qüvvələrinin Qəzza zolağına humanitar yük aparan 6 gəmidən ibarət “Azadlıq donanması”na hücum həyata keçirəndən sonra daha da pisləşib. İsrail bu hücuma görə Türkiyədən üzr istəməkdən imtina etdikdən sonra iki ölkə arasında münasibətlər ikinci katib səviyyəsinə düşüb, Türkiyə İsrailə qarşı bir sıra sanksiyalar tətbiq edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar