Azərbaycan ərazisində qeyri-sabit hava gözlənilir
28 Sentyabr 2011 Çərşənbə 13:44
Bakı və Abşeron yarımadasında sentyabrın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Gecə 14-19, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 30-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam havanın tutqun olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi
ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19, gündüz 22-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 29-da hava əsasən yağmursuz olacaq. Cənub-qərb, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.

Sentyabrın 30-da bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin axşam şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 13-17, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 20-25 dərəcə isti olacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar