Azərbaycan ərazisində havalar kəskin pisləşək
23 Noyabr 2011 Çərşənbə 12:37
Temperaturun anomal gedişi gözlənilir.
Bakı və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin kəskin soyuq və yağıntılı keçəcəyi, arabir sulu qar, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Temperaturun anomal gedişi gözlənilir. Gecə və səhər 1-3 dərəcə isti, gündüz və axşam 0-2 dərəcə şaxta olacağı proqnozlaşdırılır.
Noyabrın 24-dən 25-nə keçən gecə hava yağıntılı olacaq, qar yağacaq, səhər tədricən kəsiləcək. Günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 24-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə və gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.
Noyabrın 25-də bölgələrdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta olacaq.
DOSTLARINLA PAYLAŞ: