Azərbaycan Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri
01 May 2009 Cümə 14:50
Daxili işlər orqanlarında kadr dəyişiklikləri aparılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbədən APA-ya daxil olan məlumata görə, bir neçə gün əvvəl Şamaxı rayon Polis şöbəsinin rəisi, polis polkovniki Eldar Cəfərov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. Onun yerinə Biləsuvar rayon Polis şöbəsinin rəisi, polis polkovniki Mirəli Şıxəliyev təyin olunub. Biləsuvar rayonunun polis rəisi vəzifəsi isə hələlik boşdur.

Bundan başqa, Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin rəisi, general-mayor Novruz Novruzov vəzifəsindən azad edilərək, Heydər Əliyev Beynəlxalq Hava Limanının polis rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, N. Novruzov əvvəllər də uzun müddət bu vəzifədə çalışıb. Heydər Əliyev Beynəlxalq Hava Limanının polis rəisi, general-mayor Məmməd Əsgərov isə təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki İsmət Əliyev təyin olunub.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya məlumatı təsdiqləsə də, əlavə məlumat verməyib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar