“Azərbaycan bir neçə ilə inkişaf etmiş ölkələrin sırasına daxil olacaq”
06 Sentyabr 2011 Çərşənbə Axşamı 00:12
“Neftlə, qazla zəngin olan ölkələr bəzi hallarda çətin vəziyyətdədirlər, bəzi hallarda orada təbəqələşmə gedir, yoxsulluq çoxdur”
“Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olacaq. Ancaq bu inkişafı dayanıqlı, uzunmüddətli etmək üçün mütləq peşəkar kadrlar lazımdır”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Binəqədi qəsəbəsində ictimaiyyətlə görüşü zamanı deyib. Dövlət başçısının sözlərinə görə, gələcək biliklə, savadla bağlıdır. O, bildirib ki, Azərbaycanın üstünlüyü iqtisadi islahatların aparılmasında, enerji sahəsində imkanların olmasındadır: “Vətənpərvər, Vətənə, millətinə bağlı olan gənc nəsil yetişir. Ancaq bununla bərabər onlar bilikli, savadlı olmalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, harada biliyə, savada, elmə, təhsilə diqqət göstərilirsə, orada inkişaf var. Dünyada ən inkişaf etmiş ölkələr onlardır ki, orada təhsilin səviyyəsi yüksək xətdədir. Neftlə, qazla zəngin olan ölkələr bəzi hallarda çətin vəziyyətdədirlər, bəzi hallarda orada təbəqələşmə gedir, yoxsulluq çoxdur. O ölkələr ki, təhsildə uğur qazanıblar, inkişaf oradadır və bu, gələcəkdə özünü daha da çox büruzə verəcək”.

“Elmi tərəqqi sadəcə bir söz deyil. Bu, doğrudan da inkişaf deməkdir. Bu gün İKT sahəsində görülən işlər ölkələrin gələcəyini müəyyən edəcəkdir. Kim ki, o sahədə bilikli və bacarıqlı olacaqsa, o ölkənin dünyada mövqeyi daha da güclü olacaq. Təbii sərvətlər gec-tez tükənir. Bizim üstünlüyümüz ondadır ki, bu, var və biz o imkanlardan səmərəli istifadə edirik. Ancaq, eyni zamanda, bu kapitalı “insan kapitalına” investisiya kimi qoyuruq. Burada əlbəttə ki, müəllimlərin üzərinə bəlkə də ən böyük vəzifə düşür. Mən yeni dərs ili ərəfəsində bu fürsətdən istifadə edərək, bütün Azərbaycan müəllimlərini salamlamaq, onlara cansağlığı, uğurlar arzulamaq istəyirəm”, - Prezident bildirib.

Dövlət başçısı deyib ki, Bakı qəsəbələrinin inkişafı Proqramı iki il yarımı əhatə edir: “Yəni, biz qarşımıza çox böyük və məsuliyyətli vəzifə qoymuşuq ki, iki il yarım ərzində Bakının bütün qəsəbələrində sosial və infrastruktur məsələləri öz həllini tapsın. Artıq proqramın icrası, ilkin addımlar onu göstərir ki, biz işimizi yüksək templərlə aparırıq”. Prezidentin sözlərinə görə, Bakıda və ətraf qəsəbələrdə məktəblərin təmiri də sürətlə gedir və ilin sonuna qədər 50-dən çox məktəb əsaslı təmir olunub istifadəyə veriləcək. “Bütün bu hadisələr onu göstərir ki, nəzərdə tutduğumuz bütün məsələlər, bütün proqramlar həyatda öz həllini tapır. Bu proqramların başlıca məqsədi odur ki, Azərbaycan əhalisi daha da yaxşı yaşasın, bütün sosial məsələlər, infrastruktur, insanları narahat edən problemlər öz həllini tapsın. Nəinki şəhərimizin mərkəzində, kənarında da, ətraf qəsəbələrdə də şəhər mərkəzindəki kimi şərait olmalıdır. Su, kanalizasiya, yol məsələlərinin, bütün infrastruktur layihələrinin həll olunması bizim vəzifəmizdir. Həm bölgələrdə, həm Bakıda və həm də Bakı qəsəbələrində”, - İlham Əliyev deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar