Azərbaycan bəzi kənd təsərrüfatı məhsulları ilə özünü 150% təmin edir
01 Noyabr 2011 Çərşənbə Axşamı 14:32
Azərbaycan bəzi kənd təsərrüfatı məhsulları ilə özünü 150% və daha çox təmin edir.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
“Bəzi məhsulların istehsalı isə ölkənin tələbatının 90-95%-i qədərdir” - deyən nazir bildirib ki, ölkənin özünü ərzaq məhsulları ilə tam təmin etməsi barədə dövlət başçısının tapşırığı ilə bağlı böyük işlər görülür: «Nəticədə gələcəkdə biz həm əhalini ərzaqla tam təmin edə biləcəyik, həm də ixrac potensialımızı artıraraq öz məhsullarımızı ənənəvi ölkələrdən başqa, digər Avropa ölkələrinə də göndərəcəyik».
İ.Abasov kənd təsərrüfatı istehsalının artırılması üçün əkin sahələrinin genişləndirilməsinə ehtiyac görmədiyini bildirib. Onun sözlərinə görə, istehsalı artırmaq üçün indiki əkin sahələrindən daha səmərəli istifadə edib məhsuldarlığı artırmaq lazımdır: «Bugünkü sahələr kifayət edir, bir şərtlə ki, mövcud sahələrdən səmərəli istifadə edək. Yəni fermerlər keyfiyyətli toxumlardan və mineral gübrələrdən istifadə etməlidirlər ki, məhsuldarlıq artsın».
Qeyd edək ki, bu il məhsuldarlıq ötən ilə nisbətən 5,2% artıq olub.
DOSTLARINLA PAYLAŞ: