Aydın Əliyev Türkiyənin gömrük müstəşarını qəbul edib
14 Aprel 2012 Şənbə 22:04
Dövlət Gömrük Komitəsinin sədri iki ölkənin gömrük qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətini müzakirə ediblər.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Türkiyə Gömrük və Ticarət Nazirliyinin gömrük müstəşarı Ziya Altunyaldızın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DGK-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qonağı mehribanlıqla salamlayan A. Əliyev qardaş ölkənin gömrük müstəşarı ilə görüşdən məmnun olduğunu söyləyərək iki qardaş ölkə arasında əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, iki ölkənin gömrük qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirərək xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Komitə sədri Azərbaycan Gömrük Xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin bu sahəyə müsbət təsirindən danışaraq qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinin, bu istiqamətdə həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini qeyd edib.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin durmadan inkişaf etdiyini söyləyən A. Əliyev, ticarət dövriyyəsinin ildən-ilə artdığını sevindirici hal kimi dəyərləndirib və gələcəkdə dövriyyənin daha da artacağına əminliyini ifadə edib.

Səmimi qəbula görə təşəkkür edən Z. Altunyaldız qardaş ölkə Azərbaycana uğurlu səfərindən razılıqla söz açıb. O, Azərbaycanda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırıb. İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən qonaq iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayaraq təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın gələcək perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar